İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzində işəgötürənlərlə görüş keçirilib.
Bu barədə Peşə Təhsili üzrə Dövlət Agentliyi məlumat yayıb.
Bildirilib ki, görüşdə Peşə Təhsili üzrə Dövlət Agentliyinin (PTDA), Peşə Təhsilinin İnkişafı Fondunun(PTİF) rəhbərliyi, İsmayıllı rayonunda yerləşən 20 müəssisənin nümayəndələri və digər aidiyyəti şəxslər iştirak ediblər.
Tədbirdə işəgötürənlərin peşə təhsili ilə əməkdaşlıq imkanları müzakirə edilib. Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov öz çıxışında peşə təhsili ilə əmək bazarının əlaqələndirilməsinin vacibliyini qeyd edərək, agentlik və işəgötürənlər arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində birgə fəaliyyətin əhəmiyyətindən bəhs edib. Tədbir çərçivəsində işəgötürənlərdən təkliflər və rəylər toplanılıb.
Peşə Təhsilinin İnkişafı Fondunun İdarə Heyətinin sədri İdris Musayev çıxış edərək işəgötürənlərin mərkəzin imkanları ilə tanış olması və birgə layihələrin təşviq edilməsi üçün bu cür görüşlərin əhəmiyyətini vurğulayıb.
Görüşdə işəgötürənlər təcrübəli mütəxəssislərin tələbələrə mentorluq etməsinin vacibliyini, tələbələrin kommunikasiya bacarıqlarının inkişaf etdirilməsi üçün təlimlərin təşkil edilməsinin əhəmiyyətini vurğulayıblar.
Görüşün sonunda “İsmayıllı Şərab-2’’ ASC, Peşə Təhsili üzrə Dövlət Agentliyi və Peşə Təhsilinin İnkişafı Fondu arasında üçtərəfli Anlaşma Memorandumu imzalanıb. Bu Memorandumun məqsədi Peşə Təhsili üzrə Dövlət Agentliyinin tabeliyində olan peşə təhsili müəssisələri ilə “İsmayıllı Şərab-2” ASC istehsal müəssisəsi və Peşə Təhsilinin İnkişafı Fondu arasında əməkdaşlıq qurmaqdır. Sənəd təhsil və tədris istehsalat proseslərinin birgə səmərəli həyata keçirilməsi, tələbələrin praktiki bacarıqlarının artırılması, sənaye ilə peşə təhsili arasında möhkəm əlaqələrin yaradılması və birgə bağçılıq fəaliyyətinin təşkili məqsədini daşıyır.