Dekabrın 13-də Respublika Fizika, riyaziyyat və informatika təmayüllü liseydə təlim-tərbiyə işləri üzrə direktor müavini Valeh Bəyalıyevin təşkilatçılığı ilə iş yuxarı sinif şagirdlərində maliyyə savadlılığının artırılması və kiçik biznesin yaradılması ilə bağlı “Sən sahibkarsan” mövzusunda sinifdənxaric dərs keçirilib.
TƏHSİL.BİZ xəbər verir ki, Əməkdar müəllim Zabul Əhmədov tərəfindən keçirilən dərs Beynəlxalq Əmək Təşkilatının “Öz biznesini başlat və təkmilləşdir” təlim modulu əsasında hazırlanıb. Qeyd edək ki, Zabul Əhmədov 3 il bu sahədə təlimçi kimi fəaliyyət göstərib.
Dərsdə qonaq qismində Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri professor Hikmət Əlizadə, Sosial tədqiqatlar mərkəzinin təhsil sektorunun müdiri Elmin Nuri, “Məktəb guşəsi” jurnalının və saytının baş redaktoru Məzahir Məmmədli və təhsil eksperti Elşən Qafarov iştirak ediblər. Dərs zamanı şagirdlərə biznesin qurulması haqqında nəzəri biliklər verilib, şagirdlərin biznes ideyaları müzakirə edilib. İşçi qruplarda biznes planlar tərtib edilərək ən kreativ biznes planın təqdimatı keçirilib. Sonda qonaqlar dərs haqqında təəssüratlarını bölüşüblər və şagirdlərə gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.