Logo

Prof.Mahirə Hüseynova Naxçıvan Dövlət Universitetində mühazirə keçib

23.12.2024 16:37 68 baxış
IMG

Ali təhsil ocağında “Mahmud Kaşğari 950: Enantiosemiya hadisəsini reallaşdıran vasitə və üsullar” mövzusunda mühazirə keçirilib.

Tədbirdə universitetin professor-müəllim heyəti və tələbələr iştirak edib.

Giriş sözü ilə çıxış edən universitetin Beynəlxalq əlaqələr üzrə prorektoru Aidə Cəlilzadə bu cür ustad dərslərin gənclərin elmi potensialının artırılması və onların intellektual inkişafı üçün xüsusi əhəmiyyət daşıdığını qeyd edib. O, bildirib ki, universitetimiz hər zaman müasir elmi biliklərin tələbələrə çatdırılmasına və onların geniş dünyagörüşünün formalaşmasına xidmət edir. Aidə Cəlilzadə Mahirə Nağıqızının təqdimatında keçirilən ustad dərsinin tələbələr üçün yeni perspektivlər açacağını və elmi axtarışlara marağı daha da artıracağını vurğulayıb.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru, filologiya elmləri doktoru, professor, Prezident təqaüdçüsü, tanınmış şairə Mahirə Nağı qızı Hüseynova mühazirədə Mahmud Kaşğarinin “Divanü Lüğat-it-Türk” əsərindən gətirilən nümunələr əsasında enantiosemiya haqqında məlumat verib, bu dil hadisəsini reallaşdıran vasitə və üsulları açıqlayıb, onun ədəbi və dilçilik təhlillərindəki rolunu vurğulayıb. O, “Divanü Lüğat-it-Türk” əsərinin türk dili və mədəniyyəti üçün əvəzsiz xəzinə olduğunu, türk dillərinin zənginliyini, türk xalqlarının tarixini və ədəbi irsini əks etdirdiyini bildirib. O, həmçinin Mahmud Kaşğarinin 950 illik yubileyinə həsr olunmuş Türkiyə Respublikasının universitetlərində, Azərbaycanın müxtəlif ali təhsil ocaqlarında və onlayn şəkildə Nyu-Yorkda keçirilən beynəlxalq konfransların keçirildiyini qeyd edib. Mahirə Nağıqızı türk dilləri ailəsinin müxtəlif qruplarından danışaraq, bu dillərin tarixi kökləri və onların Mahmud Kaşğarinin əsərindəki əks olunan xüsusiyyətləri barədə məlumat verib.

Sonra Tarix-filologiya fakültəsinin tələbələri Mahirə Nağıqızının “Salam olsun” və “Vida” şeirlərini səsləndiriblər.

Mühazirənin sonunda professor Mahirə Hüseynova iştirakçıların suallarını cavablandırıb.

 

 

 


 

Xəbər lenti