Vyetnamın Ho Şi Min adına Siyasət və Dövlət İdarəçiliyi üzrə Milli Akademiyasının tabeliyində fəaliyyət göstərən Jurnalistika və Kommunikasiya Akademiyasının direktoru Fam Min Sonun rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Dövlət Universitetində (BDU) olub.
BDU-dan TƏHSİL.BİZ -ə bildirilib ki, rektor Elçin Babayev qonaqlara universitetin tarixi və fəaliyyəti barədə məlumat verib. Qeyd edib ki, tədqiqat istiqamətinə xüsusi önəm verən BDU-nun Hirş indeksi artıq 68-ə çatıb. Təhsil-elm-tədqiqat-innovasiya mərkəzlərindən birinə çevrilməkdə olan BDU-da elmin bütün sahələri üzrə kadr hazırlığı həyata keçirilir.
Vyetnamın Jurnalistika və Kommunikasiya Akademiyasının direktoru Fam Min Son birgə beynəlxalq konfransların keçirilməsi, müəllim-tələbə mübadiləsi üzrə əməkdaşlıqda maraqlı olduqlarını vurğulayıb.
Görüşdə tərəflər arasında əməkdaşlıq məsələləri müzakirə edilib.