10–14 noyabrda Avstraliyanın Melburn şəhərində İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) tərəfindən həyata keçirilən Beynəlxalq Şagird Qiymətləndirmə Proqramının (PISA 2025) milli layihə menecerlərinin 3-cü görüşü həyata keçirilib.
Görüş çərçivəsində PISA 2025 tədqiqatının sınaq mərhələsinin nəticələri istiqamətində həm koqnitiv testlər, həm də sorğu alətləri üzrə əsas göstəricilər təqdim edilib və əsas mərhələnin tətbiqi zamanı yarana biləcək risklərin monitorinqi və onların idarə olunması üçün strategiyalar nəzərdən keçirilib. Tədbirdə təbiət elmləri, oxu, riyaziyyat və rəqəmsal dünyada öyrənmə istiqamətləri üzrə yeni test alətləri təqdim edilib və iştirakçı ölkələrin rəyləri toplanıb, tapşırıq və sorğu suallarının tərcüməsi və adaptasiyası prosesinə aid məsələlər müzakirə edilib.
Məlumat üçün bildirək ki, Azərbaycan PISA 2025 tədqiqatında bütün ölkə üzrə 14 regionu əhatə edəcək şəkildə iştirak edir. Bu məqsədlə Azərbaycan üçün məktəblərin və şagirdlərin seçimi prosesinə məsul olan komanda ilə fərdi konsultasiyalar həyata keçirilib. Bu müzakirələr zamanı məktəblərin seçimi üçün istifadə olunan xüsusi metodologiyanın Azərbaycana uyğunlaşdırılması və prosesin icrasına dair məsələlər müzakirə edilib.
Bundan əlavə, layihənin məktəblərlə iş üzrə məsul komandası və texniki komanda ilə də Azərbaycan üçün fərdi konsultasiya sessiyaları həyata keçirilib. Bu sessiyalarda qiymətləndirmənin keçirilməsinə dair inzibati və texniki məsələlər barədə müzakirələr aparılıb.
Tədbirdə Təhsil İnstitutunun Milli və beynəlxalq qiymətləndirmə tədqiqatları şöbəsinin baş mütəxəssisi və PISA 2025 üzrə milli layihə meneceri İmran İbişov iştirak edib.
Qeyd edək ki, PISA 2025-in əsas mərhələsi 2025-ci ilin aprel-may aylarında həyata keçiriləcək.