BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının Bakıda keçirilən 29-cu sessiyasında (COP29) iştirak edən, 2013-cü ildə COP19-un təşkilində mühüm rol oynamış Polşa İqlim və Ətraf Mühit Nazirliyinin dövlət katibi və nazir müavini Kşiştof Bolesta və nümayəndə heyəti Milli Azərbaycan Tarixi Muzeyini ziyarət edib.
Muzeydən TƏHSİL.BİZ -ə bildirilib ki, qonaqlara Azərbaycanın zəngin mədəni və tarixi irsini əks etdirən eksponatlar barədə geniş məlumat təqdim olunub. Həmçinin muzeyin yerləşdiyi bina – məşhur polşalı memar İosif Qoslavskinin layihəsi əsasında inşa edilən tarixi tikili barədə ətraflı informasiya verilib.
Tarix Muzeyinin ekspozisiyasından böyük təəssürat aldığını vurğulayan Kşiştof Bolesta qeyd edib ki, polşalı memarların layihələri əsasında inşa edilmiş bu cür mühüm binalar Azərbaycan-Polşa mədəni əlaqələrinin tarixi köklərini əks etdirir.