Logo

Təhsil nazirinin müavini Təhsil İnstitutunda (ARTİ) olub

14.06.2021 15:42 316 baxış
IMG

Azərbaycan Respublikasının təhsil nazirinin müavini Firudin Qurbanov Azərbaycan Respublikasının Təhsil İnstitutuna (ARTİ) gəlib, institutun inzibati binası, iş şəraiti və kollektivi ilə tanış olub. 

 

Tehsil.biz xəbər verir ki, daha sonra ARTİ-nin rəhbər heyəti ilə görüş keçirilib. Görüşdə çıxış edən Firudin Qurbanov ARTİ-nin Azərbaycanın təhsil sahəsi və təhsilin inkişafındakı mühüm rolunu vurğulayıb.

 

Elmi tədqiqatların təhsilin məzmununda əhəmiyyəti, təhsil müəssisələrində ehtiyac duyulan tədqiqat mövzuları, yeni metodik vəsaitlər, müəllimlərin peşəkar inkişafı, təhsilin məzmununun bacarıq əsaslı təhsilə uyğunlaşdırılması, tədris resurslarının yenilənməsi, beynəlxalq və milli qiymətləndirmələrin təhlili kimi vacib məqamların ARTİ-nin əsas fəaliyyət istiqamətlərindən olduğu qeyd olunub. Son dövrlərdə tədqiqatların strukturunun dəyişməsilə təhsildə innovativ metodların tətbiqi və gələcəyə yönəlik peşələrin önə çıxması ARTİ-nin fəaliyyət istiqamətlərini genişləndirməyi zəruri edir.

 

Beynəlxalq tədqiqat mərkəzləri ilə əməkdaşlıq, ali təhsildə gələcəyin ixtisaslarına uyğun proqramların araşdırılması, təhsilin müxtəlif pillələri arasında inteqrasiyanın təşkili, təhsil müəssisələrində innovativ mühitin təşviqi, pedaqoji fəaliyyətə hazırlaşan tələbələrin yeni dövrün tələblərinə uyğun təcrübə proqramı keçməsi kimi fəaliyyətlər sözügedən istiqamətlərdəndir.

Xəbər lenti