"Müəllimlərin genişmiqyaslı sertifikatlaşdırılması prosesi çərçivəsində "AzEduNet" bir daha sübut etdi ki, o, Azərbaycanın təhsil sistemində etibarlı və strateji rəqəmsal tərəfdaşdır".
Bunu TƏHSİL.BİZ -ə açıqlamasında "AzEduNet"in direktoru Natiq Yəhyayev deyib.
O bildirib ki, artan rəqəmsal yüklənmə fonunda AzEduNet" ölkə üzrə minlərlə məktəb və ali təhsil müəssisəsini əhatə edən təhsil şəbəkəsinin dayanıqlı işləməsini təmin edir:
"Şirkətin texniki dəstək komandası günün 24 saatı, həftənin 7 günü rejimində fəaliyyət göstərərək texniki problemləri operativ şəkildə aradan qaldırır.
Onlayn test platformaları, qorunan məlumat ötürmə kanalları və monitorinq sistemləri daxil olmaqla, əsas rəqəmsal xidmətlərin fasiləsiz işləməsinə xüsusi diqqət yetirilir. Mərkəzləşdirilmiş şəbəkə arxitekturası və real vaxt rejimində monitorinq sayəsində "AzEduNet" mütəxəssisləri nasazlıqları öncədən aşkarlayıb qarşısını almağı bacarır".
Natiq Yəhyayev əlavə edib ki, rəqəmsal infrastrukturun fasiləsiz işləməsi tədris prosesləri üçün vacibdir:
"Sertifikatlaşdırma prsoesində iştirakımızı strateji məsuliyyət kimi qəbul edirik. Bu, ölkədə keyfiyyətli təhsilin inkişafına bizim töhfəmizdir. Bu gün "AzEduNet" təkcə xidmət təminatçısı deyil, ölkənin təhsil sahəsində rəqəmsal transformasiyanın aparıcı qüvvəsidir. Şirkət şəbəkəsini genişləndirməkdə, innovativ həlləri tətbiq etməkdə davam edir və dövlət, təhsil müəssisələri ilə gələcəyin texnologiyaları arasında etibarlı körpü rolunu oynayır".