İyunun 10-da Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli Nümayəndəliyi, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti, Naxçıvan Şəhər İcra Hakimiyyəti və Naxçıvan Dövlət Universitetinin təşkilatçılığı ilə "Karyera sərgisi 2" açılıb.
TƏHSİL.BİZ xəbər verir ki, Naxçıvan şəhərinin "Böyük Bağ" adlı ərazisində təşkil olunan sərgi iki gün davam edəcək.
Artıq ikinci dəfə keçirilən karyera sərgisinin əsas məqsədi tələbə və məzunları əmək bazarındakı imkanları daha yaxından tanıtmaq, işəgötürənlərlə birbaşa ünsiyyət qurmaq imkanı yaratmaqdır. Sərgi çərçivəsində məzun və tələbələr üçün paytaxtdan dəvət olunmuş peşəkar mütəxəssislər tərəfindən müxtəlif mövzularda təlimlər keçiriləcək.
Sərgidə 40-dan artıq müəssisə və təşkilat iştirak edir. Ziyarətçilər şirkət nümayəndələri ilə görüşmək, CV-lərini təqdim etmək, təcrübə və iş imkanları haqqında birbaşa məlumat almaq imkanı əldə edirlər.
Qeyd edək ki, iki gün ərzində sərgiyə 5000-dən çox tələbə və məzun olmaqla, 7000 ziyarətçinin qatılması gözlənilir.