Logo

“BilBacar” müsabiqəsinin qalibləri mükafatlandırılıb

17.06.2025 15:52 41 baxış
IMG

Bu gün Bakı şəhəri 20 nömrəli məktəb-liseydə “BilBacar” müsabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.

TƏHSİL.BİZ  xəbər verir ki, tədbir Elm və Təhsil Nazirliyi, Təhsil İnstitutu, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə baş tutub.

Mərasim Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. 

Tədbirdə çıxış edən elm və təhsil nazirinin müavini Firudin Qurbanov istedadlı şagirdlərin aşkar ediıməsi məqsədilə Elm və Təhsil Nazirliyi tərəfindən bir çox layihələrin həyata keçirildiyini söyləyib.
 
Onun sözlərinə görə, bu layihələr istedadlı gənclərin bazasının formalaşdırılmasına və onlarla məqsədyönlü işlərin görülməsinə imkan verir. 

Nazir müavini qeyd edib ki, hər il Respublika fənn müsabiqə və olimpiadaların nəticələri əsasında Beynəlxalq olimpiadalara hazırlıq mərkəzinə yüzlərlə gənc cəlb edilir və onların fənlərin dərindən öyrənmələrinə, beynəlxalq olimpiadalara hazırlaşmalarına nazirlik səviyyəsində dəstək verilir.

Firudin Qurbanov hər il müsabiqə və olimpiadalarda iştirak edən şagirdlərin sayının artdığını, onların göstərdikləri nəticələrin yüksəldiyini də xüsusi vurğulayıb. O, Bakı şəhəri və bölgələrdə fəaliyyət göstərən lisey və gimnaziyaların bu uşaqların yetişməsində böyük rolunun olduğunu nəzərə çatdırıb.

“İstedadlı şagirdlərin aşkar edilməsi və onların potensiallarının inkişaf etdirilməsi dövlətimizin hər zaman prioritet məsələlərindən biri olub. Bu istiqamətdə bölgələrdə yeni lisey və gimnaziyaların açılması nəzərdə tutulub”, - deyə nazir müavini bildirib.

Firudin Qurbanov əlavə edib ki, 2014-2024-cü illərdə Azərbaycan məktəbliləri beynəlxalq fənn olimpiadalarında 35 qızıl, 147 gümüş və 336 bürünc olmaqla, ümumilikdə 518 medal qazanıblar.

Daha sonra Təhsil İnstitutunun Qiymətləndirmə, Təhlil və Monitorinq Mərkəzinin direktoru İbrahim Baxışlı “BilBacar” layihəsinin nəticələri ilə bağlı təqdimatla çıxış edib.

Ardınca Milli Məclisin deputatı Ceyhun Məmmədov qalibləri təbrik edib. O əlavə edib ki, gənclərin bilikli və bacarıqlı olması üçün onlara davamlı dəstəyin göstərilməsi vacibdir.

Tədbir çərçivəsində müsabiqənin təşkili ilə bağlı videoçarx nümayiş olunub. Qalib məktəblərlə yanaşı, fərqlənən şagirdlər də mükafatlandırılıb. Onlara diplom, medal və qiymətli hədiyyələr təqdim olunub. Mərasim şagirdlərin ifasında təqdim olunan musiqi nömrələri ilə yekunlaşıb.

Qeyd edək ki, 2024-cü ilin oktyabr ayında start verilən “BilBacar” müsabiqəsinin birinci mərhələsində respublikanın 2000-ə yaxın ümumi təhsil müəssisəsindən VIII, IX və X siniflər üzrə 170 000-ə yaxın şagird iştirak edib.

Müsabiqənin əsas məqsədi şagirdlərin səriştə əsaslı tapşırıqlarla işləmə vərdişlərini inkişaf etdirmək, rəqəmsal platformada imtahan vermək bacarıqlarını formalaşdırmaq və xüsusi istedadlı şagirdləri olan qabaqcıl məktəbləri müəyyənləşdirməkdir.

 

 

 

 


 

Xəbər lenti