“Müəllimlərin sertifikatlaşdırma imtahanlarında rahatlığını təmin etmək məqsədilə bu il cənub və şimal zonalarında yeni imtahan mərkəzləri istifadəyə verilib. Ümumilikdə imtahanlar 44 mərkəzdə təşkil olunacaq”.
TƏHSİL.BİZ xəbər verir ki, bu fikirləri bu gün Təhsil TV-də yayımlanan “360 dərəcə təhsil” verilişində qonaq olan Təhsil İnstitutunun şöbə müdiri Muxtar Hacıyev səsləndirib.
Onun sözlərinə görə, müəllimlərin məsafə və logistika baxımından çətinlik yaşamamaları üçün hər il imtahan mərkəzlərinin sayı artırılır:
“Biz imtahan prosesinə tam hazırıq. Bildiyiniz kimi, hər il mərkəzlərimizin sayını artıraraq daha çox əlçatanlıq təmin edirik. Keçən il olduğu kimi, bu il də Naxçıvanda da imtahan mərkəzlərimiz fəaliyyət göstərəcək. Eyni zamanda, cənub və şimal zonalarında yeni mərkəzlərimizi istifadəyə vermişik ki, müəllimlərimiz sıxıntı yaşamadan, onlara ən yaxın mərkəzlərdə imtahan verə bilsinlər”, – deyə Muxtar Hacıyev bildirib.