Logo

“Təhsilin keyfiyyəti Vətənə, xalqına layiqli vətəndaşların sayı ilə ölçülməlidir, 700 ballıq şkala ilə yox...”

12.06.2025 09:33 243 baxış
IMG

“YUNESKO-nun tərifinə əsasən təhsil - şəxsiyyətin bacarıq və davranışlarının təkmilləşdirilməsinin elə bir prosesi və nəticəsidir ki, bu zaman o, əqli yetkinlik və fərdi inkişafa nail olur...”

“Sadəcə olaraq, bugünkü əsas vəzifələrimizdən biri məktəblərimizdə təhsilin keyfiyyətini yüksəltməklə, şagirdlərimizi repetitor asılılığından azad etməkdir...”

Xəbər verildiyi kimi, Dövlət İmtahan Mərkəzindən mediaya 2007-ci ildən bu günə qədər 

ölkə üzrə 700 bal toplayan 116 nəfərin siyahısı təqdim olunub. Bəs görəsən, reallıqda həmin 116 nəfərin imtahanlarda ən yüksək bal toplamasında orta məktəblərimizin nə qədər rolu olub?..

Mövzu ilə bağlı TƏHSİL.BİZ -ə açıqlamasında tanınmış təhsil eksperti Nadir İsrafilov aşağıdakıları söyləyib:

“Qəbul imtahanında abituriyentin topladığı bal etalon deyil, nisbi göstəricidir. Əgər, 700 bal keyfiyyət göstəricisidirsə, onda “keyfiyyət” sözünü dilimizə gətirməyə belə, haqqımız yoxdur. Bu gün savadsızları zəiflər, zəifləri ortabablar, ortababları güclülər sırasına yüksəltməyin yollarını tapmaq barədə düşünməliyik. Güclülər üçün həmişə bütün yollar açıqdır. Unutmayaq ki, məktəb öz yetirmələrinə lazımı bilik, bacarıq və vərdişlər aşılamaqla yanaşı, həm də cəmiyyət üçün fiziki və mənəvi cəhətdən sağlam nəsil yetişdirməyin qayğısına qalmalıdır. Göstəricilərin qənaətbəxş olması təkcə məzunun topladığı balla deyil, həm də onun həyatda tuta biləcəyi mövqe ilə, vətənə, xalqına layiqli vətəndaş kimi yetişəcəyi ilə ölçülməlidir. Bir də ki, ənənəvi proqramlar bilik yönümlü idisə, həyata keçirdiyimiz kurikulumlar islahatları qarşımıza  səriştəyə əsaslanan şəxsiyyətyönümlü vətəndaş hazırlamaq tələbi qoyub.

2007-ci ildən üzü bu yana demək olar ki, hər il  ixtisas qrupları üzrə qəbul imtahanlarının nəticələri elan edilər-edilməz “Bu il 700 bal toplayan niyə olmadı” sualı gündəmə gətirilir, müxtəlif izahlar və şərhlərlə geniş  müzakirə obyektininə çevrilir. Kiçik bir xatırlatma yerinə düşər ki, 1992-ci ildən bəri tətbiq olunan test üsulu ilə tələbə qəbulunun tarixində ilk dəfə 700 bal 2007-ci ildə yəni, 15 ildən sonra maksimal bal toplanıb. Onların da sayı cəmi 3 nəfər olub. Həmin vaxtdan indiyədək 700 bal toplayan abituriyentlərin ümumi sayı DİM-in təqdim etdiyi siyahıya əsasən 116 nəfər olub.  Belə ki, əgər səhv etmirəmsə, 2007-ci ildə 3, 2008-ci ildə 6, 2009-cu ildə 2, 2010-cu ildə 7, 2011-ci ildə 4, 2012-ci ildə 5, 2013-cü ildə 6, 2014-cü ildə 9..., 2020-ci ildə 2 nəfər abituriyent qəbul imtahanlarında 700 bal toplayıb.  Ən yüksək göstəricilər  2017-ci ildə 15, 2018-ci ildə 29 nəfər olmaqla bu 2 ildə əldə olunub. 2021-ci ildə keçirilən ali məktəbə qəbul imtahanlarında abituriyentlərdən heç biri 700 bal toplaya bilməyib…

Əgər, hansısa ildə kimlərsə abituriyertlərdən heç birinin 700 bal toplaya bilməməsini təhsilin keyfiyyətinin aşağı düşməsi, kimlərsə imtahan suallarının çətinliyi ilə əlaqələndiriblərsə, DİM rəsmiləri isə bunu əsasən imtahanların iki mərhələli keçirilməsi, qəbul qaydalarında və test tapşırıqlarının formalarında dəyişiklik edilməsi, abituriyentlərə yeni qaydalara alışmaq üçün müəyyən vaxt lazım olduğu, ümumiyyətlə, bu məsələnin imtahanın səviyyəsi, abituriyentlərin səviyyəsi haqqında hər hansı fikir yürütmək üçün əsas ola bilməməsi, bununla bağlı daha ciddi araşdırma, daha dərin təhlil, daha dərin müqayisə aparilması zərurəti ilə izah ediblər...

Razılaşaq ki, ola bilsin ki, hər hansı ixtisas qrupunda nəticələr bu və ya hansısa il yüksək və ya aşağı olsun. Bunlar dəyişəndir. Lakin məsələ ondadır ki, məsələyə yanaşma tərzimiz dəyişməz olaraq qalır. Hələ də qəbul edə bilmirik və ya qəbul etmək istəmirik ki, təhsilin keyfiyyəti 700 ballıq şkala ilə və ən başlıcası isə  bir-iki ilin nəticələri ilə ölçülə bilməz. Bu məntiqlə yanaşsaq, hansısa ildə 29 nəfər 700 ballıq tələbəmiz olanda həmin il təhsilimizdə keyfiyyət özünün pik həddinə çatıb, 700 bal toplayan olmadığı  illərdə isə təhsilimiz özünün ən uğursuz illərini yaşayıb…?

Kütləvi pedaqoji ədəbiyyatda təhsilin keyfiyyəti  cəmiyyətdə təhsil prosesinin vəziyyətini və səmərəliliyini göstərən, şəxsiyyətin vətəndaşlıq, peşə və məişət səriştəsizliyinin cəmiyyətin tələblərinə uyğunluğunu nümayiş etdirən sosial kateqoriya” kimi xarakterizə olunur. YUNESKO-nun tərifinə əsasən təhsil - şəxsiyyətin bacarıq və davranışlarının təkmilləşdirilməsinin elə bir prosesi və nəticəsidir ki, bu zaman o, əqli yetkinlik və fərdi inkişafa nail olur.” Biz isə hələ də təhsilin keyfiyyətini neçə nəfərin ali məktəbə qəbul olunması, neçə nəfərin 500-700 civarında bal toplaması ilə ölçürük…

Ümumiyyətlə, keyfiyyətli təhsil nə deməkdir? Təhsilin keyfiyyəti nə ilə müəyyən olunur? Təhsilin keyfiyyətini necə idarə etmək olar? Təhsilin keyfiyyətinin müəyyənləşdirilməsində əsas göstərici nədir və ya hansılardır? Bu göstəriciləri keyfiyyətin qiymətləndirilməsində obyektiv meyar, etibarlı mənbə hesab etmək olarmı? Hansısa bir konkret nəticədən çıxış edərək, bütövlükdə təhsil sisteminin fəaliyyətini qiymətləndirmək mümkündürmü?..

O ki, qaldı,  imtahanlarda ən yüksək bal toplamasında orta məktəblərimizin nə qədər rolu olmasına, bu məsələyə də “təhsilimiz repetitorların çiynində inkişaf edir” və s. bu  kimi mülahizələrə əsaslanmaqla məktəbin rolunu azaltmaq ədalətsizlik olardı. Nəinki paytaxt, şəhərətrafı məktəblərimizdən, hətta regionların ən ucqar kənd məktəblərindən belə, ən yüksək balla dünyanın ən nüfuzlu ali məktəblərinə daxil olub, respublikamızın adını ucaldan xeyli sayda məzunlarımız olub və bu gün də var. Sadəcə olaraq, bugünkü əsas vəzifələrimizdən biri məktəblərimizdə təhsilin keyfiyyətini yüksəltməklə, şagirdlərimizi repetitor asılılığından azad etməkdir... Bu mənada Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin ötən illərin birində "700 bal yoxdursa, dünya dağıldı? Xahiş edirəm ki, bu fikirlərdən uzaqlaşın” kimi açıqlaması ilə tam razılaşmaq olar...”

Xəbər lenti