“Ölkədə elə kənd məktəbləri var ki, orada tədris səviyyəsi yüksəkdir və buraxılış, qəbul imtahanlarında yüksək nəticə göstərənlər arasında bu məktəblərin məzunları da var”.
TƏHSİL.BİZ xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadə “Baku TV”yə müsahibəsində deyib.
Onun sözlərinə görə, regionlardan olan çoxsaylı məzunlar imtahanlarda yaxşı nəticələr göstərirlər: “Onlar real şəkildə oxuyurlar, öz zəhmətləri ilə uğur qazanırlar”.
M.Abbaszadə valideynlərin övladlarını repetitorluğa yönəltmə səbəblərindən də danışıb:
“Orta və ali məktəbdə fərqli təhsil mühitində oxuyan valideynlər bu gün övladlarına tədris prosesində kömək etməkdə çətinlik çəkirlər. Çünki indiki proqramları anlamır, ev tapşırıqlarını izah edə bilmirlər. Bəziləri isə sadəcə məsuliyyətdən yayınmağa çalışır və bu səbəblər valideynləri repetitorluğa yönəldir”.
DİM sədri qeyd edib ki, repetitorluğa yaranan ehtiyac, əsasən, cəmiyyətin mövcud təhsil yanaşmaları və valideynlərin məsuliyyəti ilə bağlıdır.
O bildirib ki, repetitorluq birbaşa müəllimlərin deyil, həm də valideynlərin təhsil prosesinə münasibətinin nəticəsidir:
“Əslində, dövlət hər bir vətəndaşın məktəb dövründə proqramı tam şəkildə mənimsəməsini təmin etməlidir. Kurikulumun tələb etdiyi səriştələr həmin şəxslərdə formalaşmalıdır”.