Logo

Xaricdə ali təhsil almış şəxslər üçün peşə tanınması üzrə növbəti imtahan keçiriləcək

13.06.2025 08:45 57 baxış
IMG

Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”na əsasən müəllimlik, mühəndislik və hüquq ixtisasları üzrə ərizəçinin Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Təhsildə Keyfiyyət Təminatı Agentliyinin sifarişi ilə Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi imtahanda müvəffəqiyyət qazanması (keçid balını toplaması) tələb olunur.

Peşə tanınması üzrə növbəti imtahan iyunun 23-də Dövlət İmtahan Mərkəzinin (DİM) elektron imtahanlar korpusunda keçiriləcək.

İmtahan vermək üçün Təhsildə Keyfiyyət Təminatı Agentliyində qeydiyyatdan keçmiş ərizəçilər iyunun 12-dən etibarən DİM-in internet saytına daxil olaraq imtahana buraxılış vərəqəsini çap edə bilərlər. Buraxılış vərəqəsində imtahan yeri, binası, imtahanın keçirilmə vaxtı və digər zəruri məlumatlar göstərilib.

Ərizəçilər ixtisasları üzrə proqramla və test tapşırığı nümunələri ilə DİM-in saytında müvafiq linklərdə (“Müəllimlik”, “Mühəndislik”, “Hüquq”) tanış ola bilərlər.

Müəllimlik ixtisasları üzrə ərizəçilərin ixtisas bilikləri, peşə bilikləri və verbal test tapşırıqları ilə məntiqi təfəkkürləri yoxlanılır. Mühəndislik ixtisasları üzrə ərizəçilərin ixtisas bilikləri, situasiya-mühakimə test tapşırıqları vasitəsilə peşə səriştələri və məntiqi təfəkkürləri yoxlanılır. Hüquq üzrə ərizəçilərin ixtisas bilikləri və verbal test tapşırıqları vasitəsilə məntiqi təfəkkürləri yoxlanılır.

İmtahanda iştirakçılara 30 test tapşırığı təqdim olunur. Hər doğru cavab bir balla, səhv və ya cavab verilməyən tapşırıqlar sıfır balla qiymətləndirilir. Ərizəçinin imtahanda müvəffəqiyyət qazanması üçün azı 15 bal toplaması tələb olunur.

Xəbər lenti