Logo

ATİAHİ 1000 nəfər təhsil işçisini sevindirdi

07.06.2025 11:24 48 baxış
IMG

ATİAHİ Respublika Komitəsi Qurban bayramı münasibətilə 1000 nəfər təhsil işçisini sevindirib.

TƏHSİL.BİZ xəbər verir ki, AHİK-in Əmək və Sosial Münasibətlər Akademiyasında keçirilən tədbirdə Konfederasiya nümayəndələri, Respublika Komitəsinin rəhbərliyi, rayon komitələrinin sədrləri və ittifaq üzvləri iştirak ediblər.

Tədbir Dövlət Himninin səsləndirilməsi, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbirdə çıxış edən Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Araz Paşayev AHİK rəhbərliyi və öz adından hamını bayram münasibətilə təbrik edib. Komitə sədri son 8 ayda görülən işlərə toxunaraq qeyd edib ki, 13 mindən çox təhsil işçisi sanatoriya-kurort və istirahət yollayışları ilə təmin olunub. Eyni zamanda “Kurort” Turizm İnformasiya Mərkəzi vasitəsilə bu xidmətlər “bir pəncərə” prinsipi əsasında daha çevik və əlçatan formada təqdim olunur. Həmçinin qeyd olunub ki, Əməyin Mühafizəsi və Hüquq Yardım Mərkəzi yaradılaraq ittifaq üzvlərinə peşəkar və tam ödənişsiz hüquqi və psixoloji xidmətlər göstərilir.

Araz Paşayev əlavə edib ki, təqaüd proqramlarının əhatə dairəsi də əhəmiyyətli dərəcədə genişləndirilib. Əvvəlki dövrdə 65 tələbəni əhatə edən "Adlı təqaüd" layihəsi bu il 400 nəfərə çatdırılıb. Bundan başqa, Qarabağ Universitetinin 50 tələbəsi və sosial həssas təbəqədən olan 50 qız tələbə xüsusi təqaüdlə təmin olunacaq.

Bildirilib ki, aztəminatlı ailələr və həssas kateqoriyadan olan üzvlər daim təşkilatın diqqət mərkəzindədir və onlara göstərilən dəstək bundan sonra da davam etdiriləcək.

Daha sonra çıxış edən AHİK sədrinin müşaviri Orxan Ərəbov Konfederasiyanın sosial təşəbbüslərindən və həmkarlar ittifaqlarının yeni texnoloji qaydalarla təchiz olunmuş elektron yollayış sistemi barədə ətraflı məlumat verib. O bildirib ki, yeni sistem artıq  istifadəyə verilib.

Tədbirdə AƏSMA-nın rektor vəzifəsini müvəqqəti icra edən Yusif Ağayev çıxış edərək Qurban bayramının tarixi və mənəvi dəyərlərindən danışıb, ATİAHİ ilə əməkdaşlıq çərçivəsində keçirilən birgə təlimlərin uğurlu nəticələrini vurğulayıb.

ATİAHİ Nəsimi rayon komitəsinin sədri Reyhan Ocaqova çıxışında təşkilatın sosial həssas qruplara, xüsusilə şəhid ailələrinə, o cümlədən şəhid övladlarına yönəlmiş dəstək təşəbbüslərindən bəhs edib, onların maarifləndirici proqramlarda və istirahət layihələrində iştirakı üçün yaradılan imkanları diqqətə çatdırıb.

Tədbir bədii yaradıcılıq müsabiqəsinin qaliblərinin təqdim etdiyi musiqili proqramla davam edib.

Sonda Qurban bayramı münasibətilə ATİAHİ-yə üzv olan 1000 nəfər təhsil işçisinin hər birinə 100 manat dəyərində hədiyyə kuponları təqdim olunub. Qeyd edək ki, bu dəstək əsasən aztəminatlı və sosial cəhətdən həssas kateqoriyaya aid olan üzvləri əhatə edib.

Xəbər lenti