Logo

Gəlin, müəllimin üzərinə bu dərəcədə getməyək, olan-qalan nüfuzunu da sarsıtmayaq...”

10.06.2025 10:17 158 baxış
IMG

 

 

“Dünənki müəllimlər bizi yetişdirdiyi kimi, bugünki  müəllimləri də biz yetişdirmişik.” 
Axı, müəllimlərin cəmiyyətin ən sayılan, seçilən təbəqələrindən olduğu bir vaxtlar olub. Antik filosoflardan tutmuş, postmodernistlər və klassiklər də daxil, bu günki müasirlərimizə qədər müəllim haqqında, bu şərəfli və müqəddəs peşə sahibləri barədə kimlər nələr deməyib, nələr yazmayıb!? Aristotel deyirdi ki, atam, anam məni bu dünyaya gətirib, amma müəllimim isə mənə bu dünyada həqiqi səadət yolunu tapmaqda yol göstərib. 

“Bir cəmiyyətin millət ola bilməsi üçün mütləq müəllimlərə ciddi ehtiyacı var: onlar cəmiyyəti həqiqi bir millət halına gətirirlər.” (Mustafa Kamal Atatürk)

 ”Biz hamımız həyatımızda əldə etdiyimiz nailiyyətlərə, bütün varlığımıza görə müəllimə borcluyuq.” (Heydər Əliyev)


Bu gün, bəlkə də müəllim qədər diqqətə, qayğıya, xüsusilə də mənəvi dəstəyə ehtiyacı olan digər ikinci peşə sahibi yoxdur. Bununla belə, istəsək də, istəməsək də etiraf etməliyik ki, ən müqəddəs hesab etdiyimiz və dəyər verdiyimiz peşə sahibi olan müəllim, o qədər də uzaq olmayan keçmişimizlə müqayisədə əvvəlki mövqe və nüfuz sahibi deyil. Bəs buna səbəb nədir? Cəmiyyətdə müəllimələrə münasibət niyə o qədər də ürəkaçan deyil? Nə oldu birdən birə, zəmanə dəyişdi, yoxsa biz dəyişdik zəmanəni...!? Bu gün bir çox müəllimlərimizin lazımi bilik və hazırlıq səvviyyələri bir yana, peşələrinə yanaşma tərzləri də təəccüb və təəssüf doğurur.

İndi öz-özümə düşünürəm ki, bu gün ən müqəddəs hesab etdiyimiz və dəyər verdiyimiz peşə sahibi olan müəllim o qədər də uzaq olmayan keçmişimizlə müqayisədə əvvəlki mövqe və nüfuz sahibi deyil. Bu məsələyə sırf pedaqoji aspektdən yanaşmaq,  təhsilin mövcud durumu ilə tam əlaqələndirmək də düzgün olmazdı. Müəllimin nüfuzunun aşağı düşməsi  daha çox sosial xarakterli məsələdir. Dəyərlər dəyişib, düşüncə və yanaşma tərzimiz başqalaşıb, tələb və təklif prinsipləri yeniləşib. Əgər rüşvət, saxtakarlıq, zorlama və digər xarakterik hallar cəmiyyətin hansısa bir zümrəsi tərəfindən sıradan adi hal, hətta norma kimi qəbul edilirsə, belə hallara müəllim tərəfindən yol verildikdə, bu təbii ki, ictimaiyyət tərəfindən daha çox qınaq obyektinə çevrilir,  az qala faciə səviyyəsinə qaldırılır.  

Müəllim faktoru ilə bağlı neqativlər qəsdən və ya bilməyərəkdən həddən artıq qabardılır, bu da müəllimin nüfuzu baxımından yol verilməzdir. Digər bir məsələ müəllimə olan inam və etibarın azalmasıdır. Bugünkü müəllimlərimizin böyük əksəriyyətinin peşəkarlığı bir yana, lazımi bilik və hazırlıq səvviyəsi əvvəlkilərlə müqayisədə xeyli aşağıdır. Elmi-texniki tərəqqi, yüksək texnologiyaların insani münasibətlərin önünə keçməsi əsas bilik ötürücüsü  kimi müəllim faktorunu böyük ölçüdə arxa plana keçirib. Ali məktəblərə qəbul prosesinin ixtisas qrupları üzrə aparılması müəllimə alternativ "yeni peşə sahiblərinin” – repetitorların, markerlərin, hətta el arasında deyildiyi kimi "bunker repetitorlarının” dəbə minməsinə və bunların müştərilərinin də xeyli sayda artmasına rəvac verib. Bir sözlə müəllim məktəbdən, şagird müəllimdən uzaq düşüb və s. Bunlar hamısı hər kəsə aydındır.

O da təkzib olunmaz faktdır ki, təhsilin keyfiyyəti müəllimin peşəkarlığından, müəllimin nüfuzu isə təhsilin keyfiyyətindən asılıdır. Müəllimin peşəkarlığı və nüfuzu artmadan təhsilin keyfiyyəti, təhsilin keyfiyyəti artmadan isə müəllimin nüfuzu və hörməti arta bilməz. Nəzərə alsaq ki, bu gün məktəblərimizdə müəllim adını yaşadanlarla yanaşı, sadəcə müəllim adını daşıyanlar da az deyil, deməli, əsas vəzifələrimizdən biri də bu adı daşıyanlarla bu adı yaşadanlar arasındakı fərqi minimuma endirmək və tədricən bu fərqi aradan qaldırmaqdır. İstənilən statistik təhlil, obyektiv və sağlam düşüncəyə əsaslanan tənqid təhsilimizin daha da təkmilləşdirilməsi və gələcək inkişafı baxımından nəinki lazımdır, hətta zəruridir. Lakin nədənsə biz çox halda, əsasən "nəticə"ni vurğulamağa daha çox meylliyik, nəinki "səbəb" barədə düşünüb, nə isə konkret bir təklif verməyə.

“Unutmayaq ki, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda  “Peşəkarlığa əsaslanan stimullaşdırıcı əməkhaqqı sisteminin olmaması, təhsil müəssisəsi səviyyəsində idarəetmənin qeyri-effektivliyi, müəllim hazırlığı üzrə infrastrukturun zəif olması müəllim nüfuzuna təsir edən amillər sırasında olması” xüsusi olaraq vurğulanıb. Bütün bunlar nəzərə alınaraq, “təhsil sisteminin institusional əsasları, infrastrukturu və insan resursları inkişaf etdirilməsi, strateji hədəf kimi müəllimin karyera inkişafı və fəaliyyətinin stimullaşdırılması üzrə yeni sistemin yaradılması, təhsilin keyfiyyətinin yaxşılaşdırılması üçün təhsili idarəetmə sisteminin yenidən qurulması, bu sahədə insan resurslarının inkişaf etdirilməsi və müəllim peşəsinin nüfuzunun artırılması” zəruriliyi önə çəkilib.

Gəlin, müəllimin üzərinə bu dərəcədə getməyək, hannsısa 5-3 müəllimin etik qaydalarla bir araya sıxmayan hərəkətlərini bütövlükdə  müəllim obrazı üzərində ümumiləşdirməyək. Dünənki müəllimlər bizi yetişdirdiyi kimi, bugünki  müəllimləri də biz yetişdirmişik. Müəllimin nüfuzunu qaldırmadıq, heç olmasa olan-qalan nüfuzunu sarsıtmayaq. Müəllimi bu vəziyyətə biz gətirdiyimiz kimi, vəziyyətdən də biz çıxarmalıyıq. Nə qədər korporativ maraqlar önə çəkiləcək, şəxsi ambisiyalar ictimai maraqları üstələyəcək, məktəb mühitinin deformasiyaya uğraması da bir o qədər qaçılmaz olacaq...

 

Xəbər lenti