11 iyun tarixində tam orta təhsilini uğurla başa vurmuş şəhid övladları üçün “Məzun Günü” tədbiri keçirilib.
TƏHSİL.BİZ xəbər verir ki, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi tərəfindən təşkil olunmuş tədbir, Birliyin sədri Sevinc Orucovanın giriş nitqi ilə açıq elan edilib. O, orta məktəbi müvəffəqiyyətlə başa vuran şəhid övladlarının hər birini təbrik edib və onlara gələcək həyatlarında uğurlar arzulayıb.
Tədbirdə iştirak edən millət vəkilləri Mehriban Vəliyeva, Fatma Yıldırım, Ceyhun Məmmədov, Nigar Məmmədova, Tahir Mirkişili, Mətbuat Şurasının sədri Rəşad Məcid çıxışlarında məzun olan gənclərə xoş arzularını çatdıraraq, onların təhsil nailiyyətlərini yüksək qiymətləndirdiklərini bildiriblər.
Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov çıxışında şəhid övladlarının təhsil uğurlarını ölkəmizin mənəvi zənginliyi və gələcəyinə inam kimi dəyərləndirib. O, gənclərin ali təhsilə davam etmələrinin əhəmiyyətini vurğulayaraq, bu yolda onların daim dəstək və diqqət mərkəzində olacağını qeyd edib. Elnur Nəsibov bu gənclərin cəmiyyətin inkişafında mühüm rol oynayacaqlarına inandığını bildirib və onlara gələcək planlarında uğurlar arzulayıb.
Tədbir bədii hissə ilə davam edib.