“Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə və mülki işə qəbul qaydaları”na əsasən həqiqi hərbi xidmətə qəbul olunmaq istəyən vətəndaşlar SHXÇDX-də fəaliyyət göstərən Müsahibə komissiyasının müsbət rəyindən, fiziki hazırlıq səviyyəsi (qadınlar istisna olmaqla), sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlılığı müəyyənləşdirildikdən, mülki işə qəbul olunmaq istəyən vətəndaşlar isə Müsahibə komissiyasının müsbət rəyindən sonra test imtahanında iştirak etməsi üçün adları Dövlət İmtahan Mərkəzinə (DİM) təqdim olunur.
DİM-dən TƏHSİL.BİZ -ə bildirilib ki, qeydiyyatdan keçən vətəndaşlar test imtahanında iştirak etmək üçün DİM-in internet saytında “Şəxsi kabinet”lərini yaratmalıdırlar. Şəxsi kabinetin yaradılması zamanı pul hesabı açılır. Vətəndaşın imtahanda iştirak etməsi üçün ödənişin məbləği 118 AZN (ƏDV daxil olmaqla) təşkil edir. “Şəxsi kabinet”də olan pul hesabına vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından istifadə etmək olar.
“Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait daxil edildikdən sonra test imtahanında iştirak etmək üçün iyunun 19-u saat 14:00-dək DİM-in internet saytında “Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti həqiqi hərbi xidmətə və mülki işə qəbulla əlaqədar test imtahanında iştirak etmək üçün onlayn qeydiyyat” elektron xidməti vasitəsilə qeydiyyatdan keçmək lazımdır.
Qeydiyyat zamanı vətəndaş haqqında ümumi məlumatlar (soyad, ad, ata adı, təvəllüd) “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi və vətəndaşın ali təhsili haqqında məlumatları “Tələbə-məzun” (MyGov.az) dövlət elektron məlumat sistemi vasitəsilə yoxlanılır.
Qeydiyyatdan əvvəl namizədlər təhsil haqqında məlumatlarının “Tələbə-məzun” dövlət elektron məlumat sistemində olub-olmadığını “Elektron hökumət” portalından DİM-in “Vətəndaş haqqında “Tələbə-məzun” dövlət elektron məlumat sistemindən çıxarış” elektron xidməti vasitəsilə də öyrənə bilərlər.
Sistemdə müvafiq məlumatlar olmadıqda namizədin qeydiyyatı aparılmır. Bu halda namizəd ona aid məlumatların “Tələbə-məzun” dövlət elektron məlumat sisteminə daxil edilməsi üçün bitirdiyi təhsil müəssisəsinə müraciət etməlidir. Xaricdə təhsil almış namizədlər və sistemdə məlumatları olmayan digər namizədlər DİM-ə (Bakı şəhəri, Nəsimi rayonu, akademik Həsən Əliyev küçəsi 299 və ya DİM-in regional bölmələrinə) müraciət etməlidirlər.
Test imtahanı iyunun 23-də DİM tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, S.S. Axundov küçəsi 50 ünvanında yerləşən Elektron imtahanlar korpusunda keçiriləcək. İmtahan saat 11:00-da başlanacaq. Namizədlər imtahana buraxılış vərəqəsi və “Yaddaş kitabçası”nı iyunun 20-dən etibarən DİM-in saytından “Elektron imtahanlara buraxılış vərəqələri və nəticələrin çapı” xidməti vasitəsilə çap edə biləcəklər.
Namizəd imtahan korpusuna imtahana buraxılış vərəqəsində qeyd edilən vaxtda gəlməlidir. İmtahana gələrkən namizəd şəxsiyyət vəsiqəsini və imtahana buraxılış vərəqəsini özü ilə gətirməlidir. Bu sənədlərdən hər hansı biri olmadıqda və ya imtahanın başlanmasına 15 dəqiqə qalmışdan gec gəldikdə namizəd imtahana buraxılmır.
Test imtahan mərhələsində namizədlərə qanunvericilik üzrə 40, Azərbaycan dili üzrə 10, informatika üzrə 20, Azərbaycan Respublikasının tarixi və coğrafiyası üzrə 15, məntiqi təfəkkürün müəyyən edilməsi üzrə 15 olmaqla, ümumilikdə 100 qapalı tipli test tapşırığı təqdim olunacaq. İmtahanın müddəti 3 saatdır. Hər doğru cavablandırılmış test tapşırığı 1 balla qiymətləndirilir. Səhv cavablar doğru cavabların nəticəsinə təsir göstərmir. İmtahanın sonunda hər bir namizədə kompüterin ekranında imtahanın nəticəsi barədə məlumat-arayış təqdim olunur. İmtahanda maksimum 100 bal toplanıla bilər. Test imtahanında müvəffəqiyyət qazanmaq üçün həqiqi hərbi xidmətə qəbul olmaq istəyənlər ən azı 60, mülki işə qəbul olmaq istəyənlər isə ən azı 50 bal toplamalıdırlar. Test imtahanında iştirak edən namizədlərin imtahan nəticələri və SHXÇDX-də vakant vəzifələr nəzərə alınmaqla Müsabiqə komissiyasının qərarı əsasında müəyyən edilmiş keçid balı aşağı salına bilər.
İmtahanın nəticələri ilə bağlı namizədlər DİM-də fəaliyyət göstərəcək Apellyasiya komissiyasına iyunun 24-25-də saat 14:00-dan 17:00-dək müraciət edə bilərlər.