Logo

BDU-da Xalq şairi Qabilə həsr olunmuş elmi seminar

10.06.2025 11:44 74 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsində Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığı ilə “Xalq şairi Qabilin əsərlərinin nəşr tarixi” mövzusunda elmi seminar keçirilib.

Bu barədə TƏHSİL.BİZ -ə BDU-dan bildirilib.

Elmi seminarda BDU-nun Redaksiya-nəşriyyat işi kafedrasının magistrantı Nigar Məmmədova məruzə edib.

Məruzəçi bildirib ki, Xalq şairi Qabil XX əsr Azərbaycan ədəbiyyatının görkəmli simalarından biridir. Dərin poetik tutumu, orijinal ifadə tərzi, rəngarəng obrazlar sistemi ilə seçilən şair poeziyamızın inkişafına xüsusi töhfələr verib: “Ümummilli Lider Heydər Əliyev və Prezident İlham Əliyev həmişə Qabilin yaradıcılığını yüksək qiymətləndirib, görkəmli şairi dövlətimizin ali mükafatları ilə təltif ediblər”.

Qabilin zəngin ədəbi irsinin nəşr tarixindən bəhs edən məruzəçi qeyd edib ki, şairin “Gəl baharım” adlı ilk şeiri 1944-cü ildə “Ədəbiyyat və incəsənət” qəzetində dərc olunub. “Səhər açılır” adlı ilk şeirlər kitabı isə 1950-ci ildə nəşr edilib: “Qabilin yaradıcılığının ilk dövrlərində nəşr edilən “Mənim mavi Xəzərim”, “Küləkli havalarda”, “Qoy danışsın təbiət”, “Vətəndaş sərnişinlər” kitabları geniş oxucu auditoriyası tərəfindən rəğbətlə qarşılanıb”.

Məruzədə Qabilin ədəbi irsinin nəşr tarixi mərhələlər üzrə araşdırılıb. Sovet dövrü və müstəqillik illərində ədibin nəşr edilmiş kitabları dil-üslub xüsusiyyətləri, redaktə məsələləri və bədii tərtibat baxımından tədqiqata cəlb olunub. Şairin müxtəlif illərdə və ayrı-ayrı nəşriyyatlar tərəfindən çap olunan kitablarının müqayisəli təhlilləri aparılıb. Qeyd olunub ki, Xalq şairi Qabilin əsərləri Azərbaycanda estetik fikrin, milli düşüncənin, kitab nəşrinin, kitab mədəniyyətinin və oxucu zövqünün inkişafında mühüm əhəmiyyətə malikdir.

Elmi seminar müzakirələrlə davam edib.

Xəbər lenti