Logo

“APRSAF Kosmos, Aviasiya və STEAM Seminarı” layihəsinə başlanılıb

11.06.2025 15:25 76 baxış
IMG

“Azərkosmos”un nəzdində fəaliyyət göstərən KOSMİK Akademiyada “APRSAF Kosmos, Aviasiya və STEAM Seminarı” layihəsinin açılış mərasimi keçirilib.

TƏHSİL.BİZ xəbər verir ki, layihə KOSMİK Akademiya, Yaponiya Aerokosmik Tədqiqatlar Agentliyi, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, Təhsil İnstitutu, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi və “STEAM Azərbaycan”ın dəstəyi ilə keçirilir.

Açılış mərasimində “Azərkosmos”un İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən Dunay Bədirxanov, Yaponiya Aerokosmik Tədqiqatlar Agentliyinin (JAXA) Kosmik Təhsil Mərkəzinin direktoru Fumiaki Tanigaki, Təhsil İnstitutunun direktor müavini Fuad Qarayev iştirak ediblər.

Layihə Asiya-Sakit Okean regionunun, həmçinin APRSAF-a üzv ölkələrin STEAM müəllimlərinin peşəkar inkişafını dəstəkləməyi hədəfləyir. Layihə çərçivəsində minlərlə müəllimə kosmos, aviasiya, aeronavtika, elm, texnologiyalar, incəsənət, riyaziyyat və digər sahələrdə tədris metodologiyaları öyrədilir.

Layihənin ilk mərhələsi 2023-cü ildə Bakıda keçirilmiş 74-cü Beynəlxalq Astronavtika Konqresi çərçivəsində baş tutub. İkinci mərhələ isə cari il iyunun 10–13-də KOSMİK Akademiyada təşkil olunan seminarlar formatında həyata keçirilir. Bu mərhələdə JAXA ekspertlərinin, ölkəmizin ümumi təhsil müəssisələrini təmsil edən və STEAM fənlərini tədris edən 50 müəllimin iştirakı nəzərdə tutulur.

Tədris proqramı “İdarə edilə bilən kəşf” (Guided Discovery Learning), “Layihə əsaslı tədris” (Project Based Learning) və “Hesablama təfəkkürü” (Computational Thinking) kimi qabaqcıl tədris metodologiyaları əsasında hazırlanıb.

Təşkil olunan seminarların əsas məqsədi kosmik sahə üzrə təhsilin inkişafına və STEAM tədrisinin gücləndirilməsinə mühüm töhfə verməkdir. Eyni zamanda, bu seminarlar STEAM müəllimlərinə innovativ yanaşmalar və müasir tədris strategiyaları təqdim etməklə, onların peşəkar inkişafına dəstək göstərir. Seminarların məqsədlərindən biri də elm və texnologiyalar sahəsində inkişafı, tərəqqini və insan kapitalının davamlı inkişafını təşviq etməkdir.

İlk dəfə 1993-cü ildə Tokio şəhərində keçirilmiş Asiya-Sakit Okean Regionu Kosmik Agentliklərinin Forumu (APRSAF) dünyada kosmik sahə üzrə ən nüfuzlu tədbirlərdən hesab olunur. Forum 52 ölkədən 844 təşkilatı və 32 beynəlxalq qurumu bir araya gətirərək ev sahibliyi edən yerli tərəfdaşın birgə təşkilatçılığı ilə fərqli ölkələrdə keçirilir.

Forumda dünyanın ən qabaqcıl kosmik agentlikləri və elmi təşkilatları təmsil olunur və iştirakçılar arasında NASA, JAXA, ESA, CNSA kimi qurumlar yer alır. Beş işçi qrupdan ibarət olan bu forum peyk tətbiqləri, kosmik tədqiqatların təkmilləşdirilməsi, kosmik təhsil, kosmik cəbhə, kosmik diplomatiya və hüquq, eləcə də kosmik sənaye kimi istiqamətlərdə fəaliyyət göstərir. Forum, həmçinin iştirakçı tərəflərin qarşılıqlı əməkdaşlıqdan faydalanması üçün fəlakətlərin idarə edilməsi və ətraf mühitin mühafizəsi kimi ümumi məsələlərin həlli kimi beynəlxalq layihələrin yaradılmasını dəstəkləyir.

 

Xəbər lenti