Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən elan edilən 18 may–18 iyun “İnsan hüquqları aylığı” çərçivəsində maarifləndirici görüş keçirilib.
TƏHSİL.BİZ xəbər verir ki, tədbiri giriş sözü ilə açan AzMİU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Şahmar Rəfili görüşün əhəmiyyəti və məqsədi barədə məlumat verib. Bildirib ki, insan hüquq və azadlıqlarının tələbələr tərəfindən dərindən mənimsənilməsi, onların hüquqi maarifləndirilməsi universitetin əsas fəaliyyət istiqamətlərindən biridir. Bu məqsədlə AzMİU-da mütəmadi olaraq seminarlar və görüşlər təşkil edilir. Eyni zamanda tələbə təşkilatları vasitəsilə onların hüquqlarının qorunmasına və müdafiəsinə ciddi diqqət yetirilir.
Görüşün qonağı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC-nin hüquqşünası, Vəkillər Kollegiyasının üzvü Nurlan Səfərov "İnsan hüquqları və əsas azadlıqlar" mövzusunda geniş təqdimatla çıxış edib. O, insan hüquqlarının yaranma tarixi, beynəlxalq hüquqi sənədlər və dövlətin bu sahədə həyata keçirdiyi siyasət haqqında iştirakçıları məlumatlandırıb. Qeyd edib ki, hər bir vətəndaşın layiqli həyat yaşamaq hüququ, azadlıq və toxunulmazlıq hüququ, söz və fikir azadlığı kimi təməl hüquqları dövlət tərəfindən təmin olunur.
Nurlan Səfərov xüsusilə tələbələr üçün mühüm olan təhsil hüququna toxunaraq söyləyib ki, bu hüququn təmin olunması gənclərin gələcəkdə cəmiyyətin fəal və hüquqi cəhətdən savadlı üzvləri kimi formalaşmasında mühüm rol oynayır. O, həmçinin insan hüquqlarının müdafiəsi və təbliği sahəsində görülən işlər, bu sahədə beynəlxalq əməkdaşlıq və hüquqi mexanizmlər barədə də ətraflı danışıb.
Görüş çərçivəsində hüquqşünas tələbə gənclərə öz hüquqlarını öyrənməyi, insan hüquqları ilə bağlı fundamental elmi ədəbiyyatlara müraciət etməyi, bədii əsərləri oxumağı və maarifləndirici filmlərə baxmağı tövsiyə edib.
Sonda iştirakçıların sualları cavablandırılıb, mövzu ətrafında interaktiv fikir mübadiləsi aparılıb. Görüş tələbələr üçün həm maarifləndirici, həm də hüquqi baxımdan məlumatlandırıcı olub.