Logo

Azərbaycanda beynəlxalq bazalarda indekslənən 25 elmi jurnal var

10.06.2025 16:41 85 baxış
IMG

“Azərbaycanda beynəlxalq elmi bazalarda, yəni Clarivate Analytics və Scopus-da indekslənən 25 yerli və keyfiyyətli elmi jurnal fəaliyyət göstərir”.

TƏHSİL.BİZ  xəbər verir ki, bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova ASAN TV-də yayımlanan “QəbuldASAN” verilişində çıxışı zamanı məlumat verib.

Onun sözlərinə görə, bu jurnallar tədqiqatların beynəlxalq səviyyədə tanınmasına və elmi fəaliyyətin keyfiyyətinin yüksəldilməsinə mühüm töhfə verir. Agentlik olaraq həmin jurnallarla əməkdaşlıq da həyata keçirilir.

Ülkər Səttarova qeyd edib ki, artıq ikinci ildir ölkənin elmi ictimaiyyətinin "Clarivate Analytics" və "Scopus" kimi nüfuzlu elmi bazalara çıxışı təmin olunub. Bu isə həm yerli alimlərin beynəlxalq arenada tanınmasına, həm də tədqiqatların keyfiyyətinin artmasına səbəb olur.

Onun sözlərinə görə, yüksək keyfiyyətli məqalələrin sayı son bir ildə 2,5 dəfə artıb ki, bu da Azərbaycanda elmi dinamikanın gücləndiyini göstərir.

Eyni zamanda, agentlik rəhbəri elmi fəaliyyətə əsaslanan obyektiv meyarlarla alimlərin mükafatlandırılması mexanizminin genişləndirildiyini vurğulayıb:

“Ötən il 100, bu il isə artıq 300-ə yaxın alim elmi göstəricilərinə əsasən mükafatlandırılıb. Burada yalnız onların nüfuzlu elmi nəşrlərdəki fəaliyyətləri və edilən istinadlar qiymətləndirilir”.

O bildirib ki, bu nəticələr təkcə mövcud elmi potensialın göstəricisi deyil, həm də alimlərə daha çox dəstəyə ehtiyac olduğunu göstərir.

Alimlər üçün əlavə imkanlar yaradılarsa, onların beynəlxalq uğurları da artacaq.

Xəbər lenti