Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) “British Council” təşkilatının Azərbaycan üzrə direktoru Nərgiz Hacıyevanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə universitetin rektoru professor Gülçöhrə Məmmədova arasında görüş keçirilib.
Universitetdən TƏHSİL.BİZ -ə bildirilib ki, görüş zamanı AzMİU ilə “British Council”ın uzunmüddətli və uğurlu əməkdaşlığı yüksək dəyərləndirilib. Rektor Gülçöhrə Məmmədova qeyd edib ki, bu əməkdaşlıq universitetin beynəlxalq əlaqələrinin genişlənməsində, xüsusilə Böyük Britaniya universitetləri ilə təhsil sahəsində tərəfdaşlığın qurulmasında mühüm rol oynayır. O, AzMİU-da tələbələrin və müəllim heyətinin ingilis dili biliklərinin artırılmasının prioritet istiqamətlərdən biri olduğunu və bu baxımdan “British Council” ilə əməkdaşlığın xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.
Görüş zamanı bildirilib ki, son illər AzMİU-da ingilis dili tədrisinin səviyyəsi əhəmiyyətli dərəcədə yüksəlib, Əcnəbi dillər kafedrasının kadr potensialı gücləndirilib və müasir tədris metodları tətbiq olunur.
“British Council” təşkilatının Azərbaycan üzrə direktoru Nərgiz Hacıyeva universitetlə əməkdaşlıqdan məmnunluğunu ifadə edib, icra olunan birgə layihələrin uğurlu nəticələrindən söhbət açıb və layihələrin perspektivlərini qeyd edib. O, “British Council” tərəfindən həyata keçirilən təhsil proqramları barədə də məlumat verib.
Görüş zamanı, həmçinin AzMİU-nun Böyük Britaniyanın Vestminster Universiteti ilə həyata keçirdiyi üç ikili diplom proqramına diqqət çəkilib. Yeni ikili diplom proqramlarının yaradılması, eləcə də Britaniyanın nüfuzlu ali təhsil müəssisələri ilə əməkdaşlıq imkanlarının genişləndirilməsi məsələləri və bu prosesdə “British Council”ın dəstəyi ətrafında müzakirələr aparılıb.
Müzakirələrdən sonra AzMİU və “British Council Azərbaycan” arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Müqaviləyə əsasən, 2025–2026-cı tədris ili üçün AzMİU-nun əcnəbi dillər kafedrası və “British Council” tərəfindən birgə təlim proqramı həyata keçiriləcək. Proqram aşağıdakı istiqamətləri əhatə edir:
İnnovativ tədris strategiyaları
- Təhsildə innovasiya prinsiplərinin mənimsənilməsi;
- Flipped classroom (əks sinif), blended learning (qarışıq öyrənmə), qeymifikasiya və mikroöyrənmə metodlarının öyrənilməsi;
Tapşırıq-əsaslı öyrənmə (Task-based learning – TBL);
- TBL çərçivəsinin (pre-task, task cycle, language focus) tədrisi;
- Tapşırıq-əsaslı dərslərin planlaşdırılması və tətbiqi.
Müəllim hazırlığı
- Müəllimlər üçün effektiv təlimlərin dizaynı;
- Digər müəllimləri təlimləndirmək və dəstəkləmək üçün lazım olan bilik, bacarıq və yanaşmaların inkişafı.
İngilis dili tədrisində humanist və alternativ yanaşmalar
- Alternativ ELT metodlarının əsas prinsiplərinin mənimsənilməsi;
- Tələbə-mərkəzli tədrisə dəstəyi;
- Ənənəvi metodlarla müqayisə;
- Müxtəlif tədris kontekstlərində tətbiq imkanlarının öyrənilməsi;
- Hər yanaşmaya uyğun sadə fəaliyyətlərin hazırlanması;
- Bu ideyaların müəllimlərin şəxsi tədris təcrübələrinə inteqrasiyası.
Proqramın AzMİU-da tədrisin beynəlmiləlləşdirilməsi, müasir pedaqoji yanaşmaların tətbiqi və kadr hazırlığı sahəsində keyfiyyətin daha da artırılması istiqamətində mühüm addım olacağı gözlənilir.