İyunun 10-da Bakı Slavyan Universitetində (BSU) 2025-ci il üzrə fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul komissiyasının iclası keçirilib.
Bu barədə TƏHSİL.BİZ -ə BSU-dan məlumat verilib.
Bildirilib ki, iclasda komissiyanın sədri, BSU-nun rektoru Anar Nağıyev, komissiya üzvləri, doktoranturaya sənəd təqdim etmiş namizədlər və onların elmi rəhbərləri iştirak ediblər.
İclasda çıxış edən rektor Anar Nağıyev universitetdə doktorantura təhsili sahəsində mövcud vəziyyət və perspektiv inkişaf istiqamətləri barədə məlumat verib. O, çıxışında vurğulayıb ki, doktorantların uğurlu tədqiqat aparmaları üçün sahəyə dair dərin elmi, nəzəri və metodoloji biliklərə yiyələnmələri, eləcə də yeni yanaşmalar ortaya qoymaları zəruridir.
Rektor həmçinin qeyd edib ki, həyata keçirilən tədqiqatların ölkənin elmi prioritetlərinə və BSU-nun inkişaf strategiyasına uyğun olması xüsusi əhəmiyyət daşıyır. Bu il də doktorantura üzrə ayrılmış plan yerlərinə böyük maraq müşahidə olunub.
Magistratura və doktorantura şöbəsinin müdiri Elnur Kəlbizadə 2025-ci il üzrə sənəd qəbulu prosesi ilə bağlı məlumat verərək bildirib ki, 5 ixtisas üzrə ayrılmış 7 yerə ümumilikdə 22 nəfər müraciət edib və onlardan 14 nəfərin sənədləri mövcud qayda və təlimatlara uyğun olub.
İclasın davamında namizədlər haqqında ətraflı məlumat təqdim olunub. Namizədlər öz tədqiqat maraqları və elmi məqsədləri barədə komissiya üzvlərinə məlumat veriblər.
Sonda namizədlərin Dövlət İmtahan Mərkəzi tərəfindən keçiriləcək xarici dil imtahanına buraxılması ilə bağlı qərar açıq səsvermə yolu ilə qəbul edilib.