Logo

İmtahan suallarının çətinliyi ilə bağlı fikirlərə aydınlıq gətirildi

12.06.2025 13:30 75 baxış
IMG

“İmtahan suallarının tədris proqramından kənar olması ilə bağlı iddiaları abituriyentlər yox, kurs rəhbərləri və bəzi müəllimlər səsləndirirlər. Həmin şəxslər bəzən kurikulum və tədris proqramı ilə kifayət qədər tanış olmurlar”.

TƏHSİL..BİZ  xəbər verir ki, bu fikirləri Məleykə Abbaszadə “Baku TV”yə müsahibəsində deyib.

O qeyd edib ki, imtahanlarda təqdim olunan suallar tam şəkildə mövcud dərsliklərə və təsdiqlənmiş kurikulum sənədlərinə uyğundur: “Heç bir sual tədris proqramından kənar verilmir. Biz tədris proqramı dedikdə, mövcud dərslikləri və rəsmi kurikulumu nəzərdə tuturuq. DİM-in sualları isə düşünmək, təhlil etmək, səbəb-nəticə əlaqələrini tapmaq bacarığını yoxlayan suallardır”.

M.Abbaszadə vurğulayıb ki, dərsliklərdə tapşırıqlar yer alsa da, imtahan sualları birbaşa həmin tapşırıqların surəti olmur: “Oxşar məzmunlu suallar mövcuddur, lakin sualın strukturu və məqsədi kurikulumun tələb etdiyi bacarıqları yoxlamağa yönəlib. Ola bilsin ki, abituriyentlər bu tip suallara çətinliklə cavab verirlər, çünki dərslikdəki tapşırıqları kifayət qədər yerinə yetirməyiblər”.

DİM sədri əlavə edib ki, bu istiqamətdə abituriyentlərə dəstək olmaq üçün model testlər təqdim olunur, həmçinin test topluları nəşr edilir. 

Məleykə Abbaszadə sualların səviyyəsinə dair aparılan müzakirələrə də münasibət bildirərək deyib ki, bəzi ekspertlər sualların çətin, hətta tapmaca tipli olduğunu iddia edirlər. Digərləri isə onların çox sadə və səthi olduğunu düşünür: “Əslində, suallar texniki tapşırıq əsasında hazırlanır və müxtəlif səviyyəli - sadə, orta və çətin olur. Bu, uşaqların bilik və bacarıqlarını fərqləndirmək üçün nəzərdə tutulmuş alətdir”.

Onun sözlərinə görə, bəzi müəllimlər DİM-lə əməkdaşlıq etdiklərini iddia etsələr də, bu, həqiqəti əks etdirmir: “Bizimlə əməkdaşlıq edən müəllimlərin iş yükü çoxdur. Özünü reklam edən və əməkdaşlıq etdiyini bildirən müəllimlər əslində bu prosesdə iştirak etmirlər. Ümumiyyətlə, müəllimlərin elmi-metodiki biliklərini yeniləmələri və təcrübələrini artırmaları üçün bu prosesə qoşulmaları vacibdir”.


 

Xəbər lenti