Elm və təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyəti Çin Xalq Respublikasının Çendu şəhərində keçirilən Elm və Texnologiya Mübadiləsi üzrə 2-ci “Bir kəmər, bir yol” konfransında iştirak edir.
Nazirlikdən TƏHSİL.BİZ -ə bildirilib ki, sözügedən konfrans “İnnovasiya üçün birlikdə, hər kəs üçün inkişaf – Bir kəmər, bir yol üçün elm və texnologiya innovasiya birliyinin birgə qurulması” mövzusuna həsr edilib.
Konfransda 100-dən çox ölkənin və beynəlxalq təşkilatın nümayəndələri iştirak edirlər.
Konfrans çərçivəsində elm və texnologiya sahəsində əlaqələr üçün yeni modellərin araşdırılması və əməkdaşlıq şəbəkəsinin formalaşdırılması, texnologiya transferi, elmi-texnoloji parklar və sahibkarlıq sahəsində birgə fəaliyyətin səmərəliliyinin artırılması mövzularında müzakirələr aparılır.