"Ümumiyyətlə, din təkcə insanların mənəvi ehtiyacını qarşılamır. Müasir dünyada din həm də təhlükəsizlik məsələsidir”.
Tehsil.biz xəbər verir ki, u sözləri SİA-ya açıqlamasında Azərbaycan İlahiyyat İnstitutunun elm və innovasiyalar üzrə prorektoru, fəlsəfə üzrə fəlsəfə doktoru Mirniyaz Mürsəlov bildirib.
Onun sözlərinə görə, bu sahə diqqət mərkəzindən kənarda qaldıqda fəsadlarının nələrə gətirib çıxara biləcəyinin nümunələrini digər ölkələrdə görə bilirik: “Düzgün dini tədris aparılmadığı, insanlar dini baxımdan düzgün maarifləndirilmədiyi təqdirdə müəyyən radikal qruplar ortaya çıxır. Bu isə insanları yanlış istiqamətləndirir, iğtişaşlara və sabitliyin pozulmasına gətirib çıxara bilir. Bu baxımdan istər Ulu Öndər Heydər Əliyevin, istərsə də cənab Prezident İlham Əliyevin dövründə dövlət din sahəsinə öz diqqət və qayğısını əsirgəməyib.
Belə ki, 1992-ci ildən 2018-ci ilə kimi Bakı Dövlət Universitetinin tərkibində fəaliyyət göstərən İlahiyyat fakültəsinin bazası əsasında Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Azərbaycan İlahiyyat İnstitutu yaradılıb. Bu İnstitutun yaradılmasında əsas məqsəd Azərbaycanda tarixən mövcud olan yüksək dini-mənəvi mühitin qorunub saxlanılmasını və inkişaf etdirilməsini, dini fəaliyyətin təşkili sahəsində yüksək ixtisaslı kadrların hazırlanmasını təmin etməkdir.
Azərbaycan İlahiyyat İnstitutu bu missiyanı həyata keçirə bilmək üçün digər ölkələrdən fərqli olaraq məzhəblər üstü tədris metodunu əsas götürmüşdür. Məzhəblər üstü tədris metodu bütün məzhəblərin bərabər şəkildə öyrədilməsidir. Məzhəblərin müqayisə aparmadan, birinin digərindən üstün olduğunu vurğulamadan bərabər şəkildə tədris edilməsinə diqqət yetirilir.
Tələbələrimizə İslam dininin birləşdirici prinsipləri aşılanır ki, bu dövlətimizin həyata keçirdiyi vəhdət siyasətinin məntiqi təzahürüdür. Düşünürəm ki, bu yanaşma təkcə ölkəmiz üçün deyil, bütün bəşəriyyət üçün əhəmiyyətlidir.
İnstitutumuzda tələbələr iki ixtisasa yiyələnirlər: Dinşünaslıq və İslamşünaslıq. İslamşünaslıq ixtisasına yiyələnən tələbələrin əsasən məscidlərdə imam olaraq fəaliyyət göstərməsi nəzərdə tutulur. Eyni zamanda hər iki ixtisası almış məzunlarımız ilahiyyatçı olaraq müxtəlif sahələrdə də çalışa bilərlər. Əminik ki, məzunlarımız dini baxımdan birləşdirici olmağın, vəhdəti təmin etməyin öhdəsindən layiqincə gələ biləcəklər”.