30 illik işğal dövründə erməni vandalizmi Qarabağda və Şərqi Zəngəzurda sözün əsl mənasında at oynadıb. Düşmən təkcə məscidlərimizi deyil, kilsələrimizi və digər dini-mədəni abidələrimizi də silməyə çalışıb. Ölkə başçısının təbirincə desək, bu vəhşi qəbilə hətta özününküləşdirmək istədiyi abidələrimizi də bir sıra zorakılıqlarla üz-üzə qoyub.
Bəs işğaldan azad ediləndən sonra Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi hansı işləri həyata keçirəcək? Abidələrimizin bərpası ilə bağlı Komitə hansı planlar üzərində işləyir?
Publika.az-ın suallarını Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dinşünaslıq ekspertizası şöbəsinin müdiri Nahid Məmmədov cavablandırıb.
Müsahibəni təqdim edirik:
- 30 illik işğal dövründə nə qədər dini abidəmiz ermənilərin təcavüzünün, vandalizminin qurbanı olub?
- Əvvəla onu deyim ki, erməni vandalizminin kökləri 30 illik işğal dövründən öncələrə gedib çıxır. Hələ sovetlər dönəmində təmir-bərpa adı altında müxtəlif alban məbədlərimizin qriqoryanlaşdırılmasına cəhd edilib. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli, 132 nömrəli qərarı ilə təsdiq edilmiş “Dünya əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısı”, “Ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısı” və “Yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısı”na əsasən, işğaldan azad edilmiş ərazilərimizdə dövlət qeydiyyatında olan tarix və mədəniyyət abidələrinin ümumi sayı 900-dən çoxdur. Heç şübhəsiz ki, siyahıya alınmayan, lakin əzəli torpaqlarımız Qarabağdakı varlığımızın, milli kimliyimizin maddi sübutları olan minlərlə tarixi abidəmiz, maddi-mədəni dəyərlərimiz var. Bəzi məlumatlara görə, dövlət qeydiyyatında olmayan abidələrin sayı 1500-dən artıqdır. Beynəlxalq əhəmiyyətli abidələrin sayı onlarladır. Eləcə də dağıdılmış qəbiristanlıqların sayı 900-dən çoxdur. İşğaldan azad edilmiş ərazilərimizdəki tarixi-dini abidələrin təqribi sayı isə 403-dür. Onlardan 67-si məscidlər, 144-ü məbədlər, 192-i ziyarətgahlardır.
- İşğaldan azad olunan ərazilərdə dağıntılara məruz qalmış məscid, kilsə və digər ibadətgahların təmir-bərpa işləri ilə bağlı Komitə hansı layihələri hazırlayıb?
- Qarabağın bərpası prosesi Prezident İlham Əliyevin rəhbərliyi altında xüsusi diqqətlə həyata keçirilir. Bilirsiniz ki, ilk öncə infrastruktur layihələri icra olunur. 30 ilə yaxın müddət ərzində el-obasından uzaq salınmış əhalimizin tezliklə Qarabağa qayıtması üçün yeni yaşayış yerləri inşa edilir. Bununla paralel tarixi dini abidələrimizin bərpası ilə bağlı işlər də həyata keçirilir. Şuşada, Daşaltıda, Hadrutda, Ağdamda, Zəngilanda və digər yerlərdə tarixi abidələrimizin bərpası ilə yanaşı, yeni məscidlərin təməlləri qoyulub. Şuşada Yuxarı və Aşağı Gövhər Ağa məscidləri, Saatlı məscidi, Ağdamda Cümə məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunur. Təkcə məscidlər deyil, xristian alban irsinə aid məbədlərimiz də bərpa edilir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi olaraq bizim əsas vəzifələrimizdən biri ölkəmizin hər qarışında dini etiqad azadlığının həyata keçirilməsi üçün müvafiq şəraitin yaradılmasıdır. Bu məqsədlə dini əlamətdar günlərdə Dövlət Komitəsi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına daxil olan ərazilərdə yerləşən məscid və kilsələrdə vətəndaşlarımızın ibadət edə bilmələri üçün tədbirlər həyata keçirir. Xristian dini icmalarımızın nümayəndələri məbədlərdə dini ayinləri icra edirlər. Eləcə də Şuşada və Ağdamda bayram namazları qılınır.
- Dağıntılara məruz qalan abidələrlə bağlı beynəlxalq təşkilatlar məlumatlandırılıbmı? Onların məsələyə reaksiyası necədir?
- Uzun illərdir ki, Dövlət Komitəsi bu istiqamətdə məqsədyönlü fəaliyyətlə məşğuldur. Təcavüzə məruz qalmış abidələrimizlə bağlı faktları ortaya qoyan fotoların əldə edilməsi, müxtəlif materialların hazırlanması, onların təbliği ilə bağlı çoxsaylı tədbirlərimiz olub. Əsasən xarici qonaqlara bu materiallar təqdim olunub. Bundan başqa, müxtəlif vaxtlarda ali beynəlxalq qurumların iştirakı ilə keçirilən ölkə xaricindəki tədbirlərdə mütəmadi olaraq bu fotolar nümayiş etdirilib. Hökumət, eləcə də dini konfessiyalar adından beynəlxalq təşkilatlara müraciətlər ünvanlanıb.
- Ümumiyyətlə, işğal dövründə ermənilər neçə dini abidəmizi tamamilə məhv ediblər?
- 2020-ci ildə torpaqlarımız işğaldan azad edildikcə erməni təcavüzünün, barbarlığının ölçüsü əyani görünməyə başladı. Bütün dünya ermənilər tərəfindən azərbaycanlıların tarixi izlərinin silinməsi üçün qəbiristanlıqlardakı məzar daşlarına qədər dağıdılmasını, ibadət yerlərinin uçurulmasını gördü. Hazırda bu istiqamətdə dəqiqləşdirmələr aparılır. Amma görünən odur ki, erməni vandalizmi təkcə müsəlman irsinə qarşı olmayıb. İşğaldan azad edilmiş ərazilərdə mövcud olan 67 məscidin bir neçəsinin yalnız əsas divarları qalıb, digərləri isə tamamilə dağıdılıb.
- Bəs ermənilər tərəfindən bu vandalizm aktları əsasən hansı istiqamətlərdə aparılıb?
- Ermənilərin tarixi-dini abidələrimizə qarşı vandal təcavüzü müxtəlif istiqamətlərdə aparılıb. Milli mənsubiyyəti və qədim tarixi milli, dini ənənəni özündə ehtiva edən abidələr tamamilə uçurulub. Bu abidələrin erməniləşdirilməsinə, özgələşdirilib dəyişdirilməsinə cəhd edilib. İşğal altındakı müsəlman dini kimliyinə aid olan abidələr, o cümlədən digər mədəniyyət göstəriciləri dağıdılıb, təhqir olunub. Məscidlərdə mal-qara və digər heyvanların saxlanılması faktı torpaqlarımız işğaldan azad edilərkən bir daha sübut edildi və bütün dünya ictimaiyyəti bu kadrları gördü. Tarixi Alban məbədlərinin erməniləşdirilib qriqoryanlaşdırılmasına cəhdlər edilib. Alban irsinə məxsus xristianlıq izləri qriqoryan xaçkarları ilə əvəz edilib. Məbədlərin üzərində olan daş kitabələr silinib. Həmin yerlər oyularaq qriqoryan xaçkarları yerləşdirilib. Bu iş o qədər kortəbii aparılıb ki, həmin xaçkarlara tarixi görkəm verməkdən ötrü müxtəlif kimyəvi məhlullardan istifadə edilməsinə baxmayaraq, hətta mütəxəssis olmayan istənilən sadə insan da onların tarixi divarlara yamaq kimi göründüyünü müşahidə edə bilər. Ermənilər, eyni zamanda saxtalaşdıra bilmədikləri alban abidələrini uçurublar. Hadrutda, Tuğda, Kəlbəcərdə bunun bariz nümunələri var. İnanırıq ki, sürətlə aparılan bərpa işləri sayəsində işğaldan azad edilmiş ərazilərimizdəki bütün məbəd və məscidlər tarixi görkəminə qaytarılacaq və vətəndaşlarımızın ixtiyarına veriləcək.