Logo

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Kollegiyasının iclası keçirilib

06.07.2022 17:13 354 baxış
IMG

İyulun 6-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Kollegiyasının  bu ilin 6 ayının yekunları və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib.

Tehsil.biz xəbər verir ki, komitə sədrinin birinci müavini Səyyad Salahlı iclası giriş sözü ilə açaraq, 2022-ci ilin birinci yarısında dövlət-din münasibətlərinin tənzimlənməsi sahəsində həyata keçirilən önəmli işlərə diqqət çəkib. Bildirilib ki, milli birliyin və vətəndaş həmrəyliyinin təmin olunması ilə bağlı Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kurs hazırda Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Tarixi-dini abidələrimizin, o cümlədən məscid, kilsə, sinaqoqların bərpası və yenidən qurulması, yeni ibadət evlərinin inşasının Azərbaycan dövlətinin həyata keçirdiyi siyasətin tərkib hissəsidir. Ölkəmizdə dini abidə və məbədlərə göstərilən xüsusi diqqət və qayğının davamı olaraq cari ildə də Prezident İlham Əliyev  və Birinci vitse-prezident Mehriban Əliyeva Bakının Suraxanı rayonu Yeni Günəşli qəsəbəsində “Xanım Fatimeyi Zəhra” məscidinin yeni binasının açılışında iştirak ediblər, habelə Heydər Əliyev Fondu tərəfindən inşa olunan Zəngilan məscidində tikinti işlərinin gedişi ilə tanış olublar. Dövlət-din münasibətlərinin davamlı olaraq təkmilləşdirilməsi, tolerantlıq və mədəni müxtəliflik ənənələrinin təbliği və təşviqi, cəmiyyətdə milli-mənəvi həmrəyliyin güclənməsi və qarşılıqlı anlaşma münasibətlərinin ahəngdar inkişafı istiqamətində ölkədə mövcud dini konfessiyaların fəaliyyətini dəstəkləmək məqsədilə ölkə başçısı dini qurumlara maliyyə yardımı göstərilməsi haqqında Sərəncam imzalayıb. Eyni zamanda “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununa dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanından irəli gələn məsələlərin həlli məqsədilə Dövlət Komitəsi tərəfindəın “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası” hazırlanıb. Sədrin birinci müavini Prezident cənab İlham Əliyevin ölkəmizdə vətəndaşların dini etiqad, vicdan azadlıqlarının təmin olunması, milli-mənəvi dəyərlərin qorunması, təbliği və təşviqi işinin genişləndirilməsi, eyni zamanda ölkə vətəndaşlarının dini ali təhsil hüquqlarının bərqərar olmasına və bu sahədə milli kadrların hazırlanmasına verilən önəmin bariz göstəricisi kimi Azərbaycan İlahiyyat İnstitutunun, eləcə də Mənəvi Dəyərlərin Təbliği Fondunun müasir standartlara cavab verən yeni binasının açılışında iştirakını xüsusilə vurğulayıb. Şanlı qələbənin əldə edilməsi nəticəsində Azərbaycanın işğaldan azad olunmuş ərazilərində geniş quruculuq işlərinin başlandığını, o cümlədən erməni vandalizminə məruz qalmış tarixi-dini abidələrin bərpası və yenidən qurulması sahəsində mühüm addımların atıldığını qeyd edən S.Salahlı qələbəmizin rəmzi olan Şuşa şəhərinin Azərbaycan xalqı üçün yüksək mədəni-mənəvi dəyəri nəzərə alınaraq, elan edilən “Şuşa İli” çərçivəsində Dövlət Komitəsinin Tədbirlər Planında yer alan layihələrin həyata keçirildiyini vurğulayıb.

Dövlət Komitəsinin 2022-ci ilin I yarısında fəaliyyəti barədə çıxış edən Dini qurumlarla iş üzrə şöbənin müdiri Cahandar Əlifzadə bildirib ki, Komitə hesabat dövründə dini etiqad azadlığının həyata keçirilməsi üçün müvafiq şəraitin yaradılması, dini radikalizm və ekstremizmin, dini zəmində qarşıdurma və ayrı-seçkilik hallarının, digər mənfi təzahürlərin qarşısının alınması istiqamətində fəaliyyətini davam etdirib. Komitədə ümumilikdə 992 dini qurum dövlət qeydiyyatına alınıb, ixtisaslaşdırılmış satış məntəqəsinin yaradılması ilə əlaqədar 1 müraciətə müsbət cavab verilib. Komitənin dinşünaslıq ekspertizasına daxil olmuş müraciətlər əsasında 5251 adda dini məzmunlu ədəbiyyata baxılıb, dini dözümsüzlüyü, ayrı-seçkiliyi və radikallığı təbliğ edən kitabların ölkəyə idxalının və yayılmasının qarşısı alınıb. Ölkədə nəşr olunmaq məqsədilə dinşünaslıq ekspertizasına təqdim edilən  108 adda dini ədəbiyyat ekspertizadan keçirilib. Hesabat dövründə  178 adda (259 100 ədəd) dini təyinatlı ədəbiyyata nəzarət markası verilib.

Milli-mənəvi və dini dəyərlərin, tolerant və multikultural ənənələrin qorunub saxlanılması, eləcə də dini radikalizm və ekstremizmlə mübarizə məqsədilə aparılan dini maarifləndirmə tədbirlərinə toxunan şöbə müdiri qeyd edib ki, Komitə tərəfindən müvafiq dövlət qurumları və Qafqaz Müsəlmanları İdarəsi ilə birlikdə sözügedən istiqamətlərdə ölkə vətəndaşlarının cəlb olunduğu 460-dan artıq tədbir təşkil edilib. Dini ekstremizmə qarşı mübarizə, dini etiqad azadlığının təmin edilməsi ilə bağlı Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyinin Daxili Qoşunları, Dövlət Sərhəd Xidməti, Ədliyyə Nazirliyinin Penitensiar Xidməti ilə hazırlanmış Tədbirlər Planları çərçivəsində 28 tədbir keçirilib. Eyni zamanda, dini fanatizm, radikalizm və ekstremizmin qarşısının alınması istiqamətində preventiv xarakterli 60-a yaxın, tolerantlıq, multikulturalizm, dinlərarası və məzhəblərarası yaxınlaşma yönündə 15-dən artıq, erkən nikaha qarşı mübarizə çərçivəsində 6, bununla yanaşı “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası” ilə bağlı dini qurumlar, eləcə də əhali arasında aparılan maarifləndirmə işi çərçivəsində 45 tədbir baş tutub. 

Ölkəmizin nümunəvi tolerantlıq modeli və dini həmrəylik mühiti, eləcə də zəngin mənəvi-əxlaqi irsinin xaricdə təbliği, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində görülən işlər barədə də danışan C.Əlifzadə vurğulayıb ki, bu sahədə beynəlxalq konfranslar təşkil edilir, Komitə əməkdaşlarının xarici mətbuatda, eləcə də xarici internet resurslarında məqalələri yayımlanır. Həmçinin Komitə sədrinin müavini S.Nağıyevin rəhbərlik etdiyi nümayəndə heyətinin 6-10 iyunda Gürcüstana, 26 iyun-02 iyul tarixlərində isə sədr müavini Səyavuş Heydərovun rəhbərlik etdiyi heyətin ABŞ-nin paytaxtı Vaşinqton şəhərinə səfərləri çərçivəsində bir çox vacib məsələlər ətrafında fikir mübadilələri aparılıb.

Daha sonra çıxış edən Təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Elnarə Kərimova ölkədəki mövcud dini durum və sosial şəbəkələr üzərindən dini duruma neqativ təsirlər barədə  məlumat verib. Bildirib ki, dünyəvilik, vicdan və dini etiqad azadlığı, dinlərin bərabərliyi kimi prinsiplərə əsaslanan dövlət siyasətinin sayəsində ölkəmizdə dini sabitlik günbəgün möhkəmlənir. Hazırda ölkəmizdə müxtəlif konfessiyalara məxsus dini ibadət yerləri sərbəst fəaliyyət göstərir. Müsəlman və qeyri-müsəlman dini icmaların fəaliyyətinə dövlət dəstəyinin göstərilməsi dini tolerantlığın inkişafına böyük töhfə verir.  Bütün bunlara paralel olaraq regionda baş verən siyasi proseslərin izlənilməsi, həmin proseslərdə din amilinin rolu, din adı altında göstərilən fəaliyyətin ölkəmizə təsirləri və dindar kontingentin qeyd edilən məsələlərə münasibətinin öyrənilməsi daim diqqətdə saxlanılır. Habelə dini tolerantlıq ənənələrinin möhkəmləndirilməsi, dini icmalar arasında qarşılıqlı əməkdaşlığın gücləndirilməsi, eləcə də dini bayram və mərasimlərin mövcud qanunvericiliyin tələblərinə uyğun formada həyata keçirilməsinə nəzarətin təşkili istiqamətində tədbirlər davam etdirilir. Sosial şəbəkələrin dini duruma təsirinə toxunan şöbə müdiri qeyd edib ki, günümüzdə müxtəlif siyasi, etnik və dini məzmunlu saytların, sosial şəbəkələrin, videoportalların, internet televiziya kanallarının mövcudluğu, onların əksəriyyət üçün əlçatan olması ölkəmizin ictimai-siyasi, dini, mədəni həyatı və cəmiyyətin düşüncəsi, davranışı üzərində öz müsbət və mənfi təsirlərini göstərir. Dövlət və ictimai təhlükəsizlik, dini durum və mənəvi həyatımıza aid bir çox məsələlərlə bağlı təhdid doğuran tendensiyaları özündə ehtiva edən təbliğat internet resurslarının üzərindən aparılmaqdadır. Dövlət Komitəsi internet resurslarının, o cümlədən sosial şəbəkələrin üzərindən aparılan zərərli dini və dini-siyasi təbliğatın, ölkəmizdəki dini vəziyyətə, dövlət-din münasibətlərinə təsir edən mənfi amillərin yaratdığı mümkün təhdidlərin və başqa mövcud neqativ halların aşkar edilməsi, onların qarşısının alınması məqsədilə monitorinq həyata keçirməkdədir.
Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) 2022-ci ildə fəaliyyəti barədə hesabatla çıxış edən rektor Aqil Şirinov bildirib ki, təhsil müəssisəsində 272 tələbə təhsil alır. İnstitut öz fəaliyyətində xarici ölkələrin müvafiq ali təhsil müəssisələri ilə əlaqələrin gücləndirilməsi, ikitərəfli əməkdaşlıq çərçivəsində birgə layihələrin həyata keçirilməsi, elm və təhsil sahəsində beynəlxalq təcrübənin öyrənilməsi, müəllim və tələbə mübadiləsi proqramlarının reallaşdırılmasına xüsusi önəm verir. Qazaxıstan Respublikasının “Nur-Mübarək” Misir İslam Mədəniyyəti Universiteti, Türkiyənin İstanbul “29 Mayıs” Universiteti, Özbəkistan Beynəlxalq İslam Akademiyası ilə mübadilə proqramları çərçivəsində tələbələrin təcrübə keçməsi təmin edilib. Aİİ ilə Türkiyənin Tekirdağ Namık Kemal Universiteti arasında “Mövlanə” mübadilə proqramı çərçivəsində Əməkdaşlıq Protokolu, habelə Muş Alparslan Universiteti ilə birgə elmi-pedaqoji və tədqiqat işlərinin aparılmasını nəzərdə tutan Əməkdaşlıq Protokolu imzalanıb. A.Şirinov, eyni zamanda, hesabat dövründə İnstitut əməkdaşları və professor-müəllim heyətinin respublika və beynəlxalq simpoziumlarda, elmi konfranslarda, treninqlərdə, təlimlərdə, tədbirlərdə və s. iştirakına şərait yaradıldığını vurğulayıb.

Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov qeyd edib ki, hesabat dövrü ərzində Fond tərəfindən dini etiqad sahəsində işlər davam etdirilib, bir sıra İslam və qeyri-islam dini icmalarının maarifləndirici layihələrinə maddi dəstək göstərilib. Fondun təşkilatçılığı ilə Azərbaycanda fəaliyyət göstərən xristian dini icmalarının nümayəndələri Kəlbəcər rayonundakı "Xudavəng" məbədinə, Xocavənd rayonunun işğaldan azad olunmuş Hadrut qəsəbəsinə, Hünərli və Tuğ kəndlərinə səfər ediblər. Ramazan ayı çərçivəsində Fondun maliyyə dəstəyi ilə ölkəmizin bir sıra şəhər və rayonlarında iftar süfrələri təşkil edilib, bir sıra dini icmalar və ictimai birliklər ilə şəhidlərimizin xatirəsinə həsr olunan tədbirlər, film təqdimatları keçirilib. Fond “Oxu günü-8” kitab sərgi-festivalında, “Əsgərin kitab rəfi” aksiyasında iştirak edib,  həmçinin mədəniyyətimizin və dəyərlərimizin daha geniş kütlələrə çatdırılması istiqamətində görülən işlərin davamı olaraq sosial şəbəkə  istifadəçiləri arasında “Bizi ucaldan dəyərlər” adlı müsabiqə keçirib.

Daha sonra Dövlət Komitəsinin Lənkəran və Zaqatala bölgələri üzrə şöbə müdirləri Qağayı Məmmədov, İlqar Vəliyev şöbələrin əhatə etdiyi rayonlarda dövlət-din münasibətlərinin tənzimlənməsi, dövlətin dinlə bağlı siyasətinin həyata keçirilməsi sahəsindəki görülən işlər haqqında məruzə ilə çıxış ediblər. Eyni zamanda bölgədə həyata keçirilən maarifləndirici, təbliğat-təşviqat xarakterli tədbirlər barədə  danışıblar.

İclasın sonunda 2022-ci ilin ikinci yarısında Komitə tərəfindən görüləcək işlər, gələcək hədəflər, o cümlədən, rəy və təkliflər nəzərdən keçirilib. Yekunda Aparat rəhbəri Amil Cavadov tərəfindən Kollegiyanın qərar layihəsi səsləndirilib və müzakirələrdən sonra qəbul edilib.

Xəbər lenti