Logo

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində görüş keçirilib - FOTOLAR

21.07.2022 17:47 480 baxış
IMG

İyulun 21-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov ABŞ-nin Cənubi Karolina ştatından olan nümayəndə heyəti ilə görüşüb.

Tehsil.biz xəbər verir ki, qonaqları salamlayan Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov ölkəmizdə mövcud olan nümunəvi dövlət-din münasibətləri, Konstitusiyada təsbit edilmiş vicdan azadlığı, dinlərarası harmoniya, ayrı-ayrı dinlər və konfessiyalar arasında qarşılıqlı hörmət və etimada əsaslanan əməkdaşlıq münasibətləri haqqında, eləcə də bu münasibətlərin tənzimlənməsi sahəsində fəaliyyət göstərən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin fəaliyyəti barədə məlumat verib.

Sədr müavini bildirib ki, dövlətin din siyasətində dini etiqad azadlığının təmin edilməsi, eləcə də dini mövqedən yönələn təhdidlərin qarşısının alınması prioritet istiqamətlərdəndir. Xalqımızın öz tarixi köklərinə bağlılığı, milli-mənəvi, tolerant  dəyərlərinə sadiq olması respublikamızın mövcud xətt üzrə dövlət siyasəti ilə tam bir vəhdət təşkil etməkdədir. Bu gün Azərbaycanın dövlət siyasətinə çevrilən multikulturalizm anlayışı təkcə ayrı-ayrı ölkələrdə deyil, bütövlükdə dünyada mədəni müxtəlifliyin qorunmasına və bu vasitə ilə ümumbəşəri harmoniya yaradılmasına, xalqların, fərqli din və mədəniyyətlərin qarşılıqlı faydalı əməkdaşlığına yönəldilmiş nəzəriyyədir. Dünyada multikulturalizm anlayışının dəyərdən düşdüyü və öz effektivliyini itirdiyi barədə fikirlərin formalaşdığı bir dövrdə Azərbaycan multikulturalizmin alternativsiz bir anlayış olduğunu əyani şəkildə sübut etməkdədir.

Azərbaycan nümayəndə heyətinin ötən ay ABŞ-ə səfərini xatırladan S.Heydərov qonağı Dövlət Komitəsinin cari ilin oktyabr ayında Vaşinqtonda keçirəcəyi beynəlxalq konfransa dəvət edib.

Ölkəmizə növbəti dəfə səfər etməsindən məmnunluğunu ifadə edən  Kolumbiya Beynəlxalq Universitetinin rektoru və Xristian təmayüllü “Crossover Global” təşkilatının təsisçisi doktor Bill Cons  Azərbaycanda müxtəlif dinlərə məxsus icmalara yüksək diqqət və qayğını, müxtəlif dini konfessiya nümayəndələrinə dövlət tərəfindən həm mənəvi,  həm də maddi dəstək verilməsini unikal nümunə kimi dəyərləndirib.  Qonaq ölkəmizin multikulturalizm, tolerantlıq ənənələrinə xüsusi önəm verən az sayda ölkələrdən biri olduğunu vurğulayıb.

Qarşılıqlı maraq doğuran bir sıra məsələlər barədə də fikir mübadiləsinin aparıldığı görüşün sonunda Dövlət Komitəsinin ingilis dilində nəşr etdirdiyi, ölkəmizdəki dini tolerantlıq mühitindən bəhs edən kitablar qonaqlara təqdim olunub.

Xəbər lenti