Logo

Dözümlü Dönməz, səbatlı Sönməz

12.09.2022 14:18 512 baxış
IMG

Dönməz kişi çox mərd adamdı. Qanlı-qadalı müharibələr görüb. Sovet qoşunlarının tərkibində Əfqanıstanda vuruşub, ağır da yaralanıb. Onu daha çox yaralayan, incidən başqa bir məsələdir: vaxtilə əfqanlara qarşı vuruşması, onların hələ də ağır şəraitdə yaşaması.

Dönməz kişi tez-tez əfqan yazıçı - Vahid Muzdanın fikirlərini dilə gətirir. Dərindən bir ah çəkərək deyir: "Yazıq əfqanlar, əvvəl SSRİ-nin indi də Qərbin məngənəsində sözün hər mənasında sıxılır, sıxılır, elə hey sıxılır..." Sonra da xalqın mərdliyindən danışır. "Dönməz kişi kimi dönməzdilər" deyərək gülümsəyir, çöhrəsində yaranan qırışlar açılmamış sözlərinə əlavə edir: "Hələ fevral ayının ortalarında qeyd etdikləri qurtuluş günləri də var".

Boylu-buxunlu Dönməz kişinin boysuz-buxunsuz dükanı var. Xırdavatçılığla məşğuldur. İşi tərs gətirəndə peşəsinə  xırdaçılıq da deyir.

Dönməz kişinin Sönməz adlı sarıbuğdaya oxşayan ətli-piyli oğlu da var. Bir dəfə onunla ünsiyyətimiz də baş tutub. Deyir ki, atamda öldü var, döndü yoxdu. Elə Sönməzdə də, öldü var, söndü yoxdu. Uşaq çırağdan çıxan cin kimidir. Onu ara-sıra görürəm. Bəzən istəyirəm ki, ona "Ələddinin sehrli çırağı"ndakı: "Mübarək, sən nə üçün bardağa girmisən?" - sualını ünvanlayım. Sönməzi ilk görən, həqiqətən də mənim kimi düşünər. Eləbil uşaq bir gün içində piti bişirilən, bir gün də şərab saxlanılan bardaqda qalır. Zarafatım həqiqət olsa belə, amma atalı-balalı mərd adamlardı. 

Xasiyyətcə xırda-para adamlar Dönməz kişinin gözünün düşmənidir. Ağbağır olanlarla, ümumiyyətlə yola getmir. Bütöv adamlara "ağyağız", yarımçıqlara da "ay yazıq" deyir. 

Mən bu kişinin sözünün bütövlüyünü hələ ötən ayların birində görmüşdüm.

Həmin gün bəxti gətirmişdi: müştərilərin bolluğu ilə. Özü demişkən, əli də yaxşı gətirmişdi: səhər aldığı xırda-xuruş şeyləri axşam düşməmiş satdığını görə. Kefi də kök idi.

Dükanın önündə dayanıb söhbət edirdik. Hər cümləsinin sonu əlində olan xırda pulları bütöv hala gətirmək idi.

Elə bu məqamda qismətdən özündənbəyin biri bizə yaxınlaşdı. Əlindəki şax yüzlüyə xırda istədi. 

Bu anı Dönməz kişinin ürəyinin təmiz olmasına bağladım. Lakin o, eləbil heçnə olmamış kimi, mənimlə söhbətini davam etdirdi. Və qarşısında peyda olan adamla bir kəlmə belə kəsmədi. Doğrusu, bu məsələ mənə qaranlıq qaldı. Dönməz kişiyə bütöv pul lazım olduğu təqdirdə, axı nə üçün məsələyə bu qədər soyuqqanlı yanaşdığını öyrəndim.

Aydın oldu ki, həmin adam sanki əmri-əzim görürmüş kimi, öz mədəniyyəti önündə təzim etməməsi, adi etiket qaydalarını bilməməsi, özündən müştəbeh halı, salamsız-kalamsız şəkli, səs tonunu yüksəltməsi, əmr şəklinə salması, davranışındakı soyuqluğu Dönməz kişiyə xoş gəlməyib.

Daha da aydın olan məqam da vardı. Həmin adamın əlindəki puldan qabaq qeyri-insani davranışı ilə özünü xırdalaması, qəpik-quruş halına salması...

Əsgər İsmayılov, BDU-nun Jurnalistika fakültəsinin tələbəsi

Xəbər lenti