Logo

Xarici dillərdə orta təhsil: tələbat, yoxsa seçim...

12.05.2025 12:37 87 baxış
IMG

Azərbaycanda övladlarının rus və ingilis dillərində təhsil almasını istəyən valideynlərin sayı ildən-ilə artır. Bu tendensiya, həm rus dilində təhsil alan şagirdlərin sayının artması, həm də ingilis dilinin təhsil sistemində daha geniş yer tutması ilə müşayiət olunur. Valideynlər, övladlarının gələcəkdə daha geniş təhsil və iş imkanlarına sahib olmalarını təmin etmək məqsədilə rus və ingilis dillərində təhsil almağa üstünlük verirlər. Bu onlara müxtəlif beynəlxalq təhsil proqramlarına qatılmaq və xaricdə təhsil alma imkanı yaradır.

 

Statistikaya görə, son 3 ildə rus bölmələrində oxuyan uşaqların sayı 50 faiz artıb. Məlumata görə, hazırda orta məktəblərin 7,6%-də təhsil rus dilindədir. 4472 orta məktəbin 340-ı rus məktəbidir və burada 90 min şagird təhsil alır. Bu, ölkədə ümumən şagirdlərin 6,3 faizinin rus dilində təhsil alması deməkdir.

 

Məlum olduğu kimi, 2019-cu ildən etibarən rus bölməsində oxumaq istəyən uşaqların həmin dil üzrə şifahi nitq bacarıqlarının qiymətləndirməsinə başlanılıb. Azərbaycan bölməsindən fərqli olaraq, orta məktəblərin rus bölməsini seçən şagirdlər müsahibədən keçməlidirlər. Müsahibədə uşaqlar dinlədiyini anlamaq, ünsiyyət qurmaq, öz fikrini sadə formada ifadə etmək, özü və ailəsi haqqında qısa məlumat vermək bacarığını nümayiş etdirməlidir. Yalnız bu mərhələdə məqbul qiymət aldıqdan sonra uşaq rus bölməsində təhsil almaq haqqı qazanır. Rus bölməsinə qəbulun çətinləşdirilməsi belə valideynlərin övladlarını bu bölmədə təhsil almaq istəyini azaltmır.

 

Azərbaycanda ingilis dilində təhsil əsasən özəl məktəblərdə mövcuddur. İngilis dilində təhsilin pullu olmasına baxmayaraq bu bölmədə uşaq oxudan valideynlərin də sayı az deyil. 

 

Bəs görəsən, valideynlərin övladlarını doğma ana dilində deyil, məhz rus, ingilis dilində oxutmaq arzusu nədən qaynaqlanır? Xarici dildə təhsilin nə kimi üstünlükləri var?

159843

Valideynlərin əksər hissəsi övladlarını rus bölməsində oxutmalarına səbəb kimi həm özəl, həm dövlət müəssisələrində işə qəbul zamanı rus dilinə üstünlük verilməsi arqumentini əsas gətirdilər. Onlar hesab edir ki, ölkədə rəsmi dövlət dili Azərbaycan dili olsa da, işə qəbul zamanı rus dilli namizədlərə üstünlük verilir və onlar normal iş tapmaqda çətinlik çəkmirlər. Övladları ingilis dilində təhsil alan valideynlərin bir qismi isə rus dilində dərs vəsaitinin və ədəbiyyatın çox olmasını, övladlarının bütün lazımı məlumatları bu dildə rahatlıqla tapdqlarını bildirdilər.

 

Övladını ingilis bölməsinə qoyan valideynlər isə deyirlər ki, ingilis dilində təhsil alan uşaq bu dili mükəmməl bilir və elmi biliklərə yiyələnir. Bu da ona gələcəkdə rahatlıqda xarici ölkələrin nüfuzlu universitetlərində təhsil almaq imkanı yaradır.

 

Valideyn Yeganə Cahangirova deyir ki, ölkədə rus dilinə tələbat, maraq ildən-ilə artır. Əvəllər də bu belə idi. İndi isə daha da artıb. İşə qəbul üçün CV verən zaman xarici dil kimi öncə rus dili qeyd olunur. Bəzi iş yerlərində, əsasən də bank və maliyyə sahəsində Azərbaycan dili ilə yanaşı rus dili əsas dil kimi götürülür. Belə olan halda rus dilini bilən namizədlərə üstünlük verilir: “Bütün bunları nəzərə alaraq mən övladımın rus bölməsində təhsil almasını istədim. Bununla yanaşı, rus bölməsində oxuyan uşaqlar daha aktiv və sərbəst, ünsiyyətcil, həm də dünyagörüşlü olurlar. Onlar fikir və düşüncələrini daha rahat şəkildə ifadə edə bilirlər. Bu da gələcəkdə uşağın sosiallaşması baxımından çox vacibdir”.

 

Digər valideyn Kamil Səfərov bildirib ki, insanın daha çox dil bilməsi onun üçün üstünlükdür. Xüsusən də rus və ingilis dili: “Rus bölməsi üzrə təhsil alan şagirdlərin ali təhsil müəssisələrinə qəbul olmaq imkanı daha çoxdur. Çünki Azərbaycan bölməsi ilə müqayisədə rus bölməsinin abituriyentləri üçün keçid balları nisbətən aşağı olur. Ən önəmlisi isə rus dilində dərs vəsaitləri, ədəbiyyat kifayət qədərdir. Həm şagird, həm də tələbənin rus dilində internet vasitəsilə istənilən məlumatı rahatlıqla əldə etmək imkanı daha genişdir. Valideynlər də bu məntiqlə övladlarını daha çox rus bölmələrinə yönləndirirlər”.

 

Valideyn Aytəkin Şirinli qeyd edib ki, ingilis dilində təhsil, uşaqların həm ana dilində, həm də ingilis dilində yüksək səviyyədə danışıq və yazı bacarıqlarına yiyələnməsini təmin edir.  Bu, onların gələcəkdə qlobal əmək bazarında rəqabət qabiliyyətini artırır: “Övladımın ingilis dilində təhsil alması ona beynəlxalq təhsil proqramlarına qatılmaq və xaricdə təhsil alma imkanı verir. Bu, uşaqlarının gələcəkdə daha geniş təhsil və iş imkanlarına sahib olmalarını təmin edir. Övladımın gələcəkdə Avropanın nüfuzlu universitetlərində təhsil almasını istəyirəm. Xaricdə təhsilini başa vurduqdan sonra gəlib ölkədə rahatlıqla iş tapıb işləyə biləcək”. 

 

Rus bölməsinəd təhsil alan uşaq ana dilindən əlavə rus dilini mükəmməl səviyyədə öyrənir. Bu da çoxdilli düşüncə tərzinin formalaşmasına və analitik qabiliyyətin inkişafına töhfə verir.

 

Rus dilində zəngin elmi, texniki və bədii ədəbiyyat mövcuddur. Şagirdlər məktəb dövründən bu resurslara çıxış əldə edir və akademik axtarışlarda üstünlük qazanırlar.

159842

İngilis dilində orta təhsil almağın üstünlükləri isə həm qlobal, həm də fərdi inkişaf baxımından çoxşaxəlidir. Şagirdlər Cambridge, IB, SAT, IELTS kimi beynəlxalq proqramlarla erkən yaşdan tanış olur. Bu təhsil sistemi, xaricdə ali təhsil almaq üçün ideal zəmin yaradır (xüsusilə ABŞ, Böyük Britaniya, Kanada və Avropa ölkələrində).

 

İngilis dili dünyada ən çox istifadə edilən ünsiyyət və elm dilidir. Bu dili orta təhsil dövründə mənimsəyən şagirdlər, həm akademik, həm də sosial sahədə çoxdilli üstünlüyə malik olurlar.

 

İngilis dilində tədris olunan məktəblərdə istifadə olunan dərslik və metodika daha yenilənmiş və müasir olur. Şagirdlər dünya miqyasında qəbul olunmuş interaktiv, tənqidi düşüncəyə əsaslanan tədris metodlarından yararlanırlar. Ən başlıcası rus və ingilis dili bilikləri CV-də mühüm üstünlük sayılır.

 

Təhsil eksperti Nadir İsrafilova görə, son illər övladlarını rus, ingilis bölməsində oxutmaq istəyində olanların say etibarı ilə nəzərəçarpacaq artımının müşahidə olunması danılmazdır. Bununla belə, bu təbii artımın süni yollarla qarşısının alınması da yolverilməzdir. O ki, qaldı bunun məhz rus bölməsində tədris səviyyəsinin yüksək olması ilə izahına bu da nə vaxtsa rusdilli uşaqların dünyagörüşünün, intellektual səviyyəsinin yüksək olması, nizam-intizamda mütəşəkkillik göstərmələri ilə bağlı yaranmış miflə əlaqədardır:

 

“Qanunvericiliymizə əsasən, valideynlər övladları üçün dil seçimini etməkdə sərbəstdirlər. Azərbaycan dili bizim dövlət dilidir və bunu hamı bilməlidir. Təlimi rus dilində olan məktəblərdə Azərbaycan dilinin tədrisinin zəifliyi barədə əsassız iddialar isə heç də o demək deyil ki, bunun səbəbkarı məhz rus dilidir. Digər bir məsələ. Azərbaycanda təhsil alan 1,5 milyon şagirddən 130 min nəfərinin rus bölməsinin payına düşməsi heç də ona əsas vermir ki, “ölkəmizdə birmənalı şəkildə ana dilində təhsil məcburi və alternativsiz olmalı”, “rus bölməsi ləğv olunmalı”, “rus bölmələrində təhsil ödənişli olmalı”, “rus məktəbləri özəlləşdirilməli” kimi fikirlər irəli sürülsün. Bugünkü günümüzdə Rus dilinin səviyyəsinin Azərbaycanda yüksək olmasını birmənalı şəkildə demək olmaz. Bizdə Sovet dönəmində rus dilinə xüsusi diqqət yetirilirdi və bu da bir sıra məlum amillərlə şərtlənirdi. Biz müstəqil olandan sonra rus dili xarici dillər qrupuna keçirildi. Bir müddət rus dilinə maraq azalsa da, sonradan əsasən elit məktəblərdə rus dilinə meyil artdı. Bunu müxtəlif səbəblərlə əlaqələndirirlər. Bir səbəb isə işə götürənlər tərəfindən ali məktəbi bitirənlərdən rus dilini bilməsi əsas şərt kimi tələb olunur. Eyni zamanda rusdilli ədəbiyyatlar çoxdur. Bu dilə meyillilikdə məqsəd oxuyanın gələcəkdə bu dilin onun quracağı kariyerasında köməyinin olacağını düşünməsidir. Valideyn də indidən bunu nəzərə alır. Digər səbəb Rusiyanın qonşu ölkə olması və onun ali məktəblərində təhsil ödənişlərinin bizdəkindən ucuz başa gəlməsidir”.

 

N.İsrafilov bildirib ki, gələcəkdə Rusiyada təhsil almaq istəyərkən rus dili kömək olur. Başqa səbəb isə insanların özlərini elit, kübar göstərmək istəyidir. Rus dilində tədrisin əleyhinə getmək də düzgün mövqe sayıla bilməz. Lakin uşağın düşüncəsi, dərk etmə səviyyəsi, mühit məsələsi var. Son zamanlar Elm və Təhsil Nazirliyi bu vəziyyətdən çıxış yolu kimi rus sektoruna qəbul olunan uşaqlarla müsahibə keçirir. Məqsəd qəbul olunan şagirdlərin rus dilindən anlayış dərəcəsini müəyyən etməkdir. Təəssüf ki, bəzi hallarda bu elementar müsahibələr ciddi imtahana çevrilir: “Burada hər iki dilə münasibəti optimallaşdırmaq üçün rus dilli bölmələrdə Azərbaycan dili dərslərinin səviyyəsini artırmaq və gücləndirmək lazımdır. Azərbaycan bölməsində də əksinə rus dili dərslərini gücləndirmək lazımdır. Rus dilinə meyillilik Azərbaycan dilinə mane ola bilməz. Sadəcə, məsələnin mahiyyəti ciddi araşdırılmalı optimal variant tətbiq olunmalıdır. Təhsil qanununvericiliyimizdə nəzərdə tutulduğu kimi Azərbaycanın təhsil sistemi milli zəminə, ümumbəşəri dəyərlərə əsaslanır, demokratik xarakter daşıyır. Bəlkə, rus dilinə yerli-yersiz hücumlar əvəzinə, ümumilikdə rus dili ilə bağlı yaranan vəziyyətin nədən qaynaqlandığı barədə düşünmək daha faydalı ola bilər...

 

Bəlkə, rus bölməsi ilə müqayisədə Azərbaycan bölməsindəki müəllimlərimizin peşəkarlıq səviyyəsinin qaneedici olmamasında nəsə bir həqiqət var? Bəlkə, bunun başlıca səbəbi həqiqətən də Azərbaycan bölməsində tədrisin səviyyəsinin valideynləri lazımınca qane etməməsidir? Bəlkə bir səbəb də öz ana dilimizdə kifayət qədər tələb olunan ədəbiyyatın olmaması, mövcud tərcümələrin qüsurlu olması, rus dilində olan ədəbiyyatların hələ də dominantlıq etməsidir? Bəlkə, əksər qurum və şirkətlərin işə qəbul olunanlar qarşısında rus dilini mükəmməl bilmək tələbi qoymasıdır?”.

 

Azərbaycan Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərov hesab edir ki, tədris üçün istənilən dili seçmək mümkündür. Çünki həmin vaxt şəxsiyyət artıq formalaşmış olur. Loyallıq və liberallıq da kompensasiya edilə bilər. Əgər biz övladlarımızı rus və ya ingilis bölməsində tədrisə cəlb ediriksə, bununla yanaşı onlara ana dili, ədəbiyyat və tarix intensiv formada öyrədilməlidir: “Ana dilini yaxşı bilmək hər kəs üçün vacibdir. Dünyanın əksər psixoloq və pedaqoqları bunu təsdiq edir. Biz çalışmalıyıq ki, övladlarımızın ana dilini mükəmməl öyrənə bilməsi üçün uyğun ailə mühiti yaradaq”.

 

Millət vəkili Fazil Mustafa hesab edir ki, rus, ingilis bölməsinə üstünlük verənlərin sayının artmasında ciddi problem görmür: “Rus, ingilis bölməsində oxuyanlarının sayında artım böyük problem yaratmır. Ölkədə rus və ingilis dillində təhsilə üstünlük verənlərin də olması müsbət haldır. Ancaq, bu prosesi dayandırmaq elə də asan deyil. Buna baxmayaraq çalışmaq lazımdır ki, uşaq milli ruhda böyüsün, düşüncə və təfəkkürü öz dilində formalaşsın. Yaxşı azərbaycandilli məktəblərin sayını artırmaqla bu prosesin qarşısını almaq olar”.

 

Xalq yazıçısı Çingiz Abdullayev qeyd edib ki, bu gün bütün sənədləşmələr, bütün yazışmalar, dövlət dili olan Azərbaycan dilindədir: "Əgər hansısa şəxs öz ana dilini bilməsə, o, sənədləri necə oxuyacaq, onu necə başa düşəcək, necə mənimsəyəcək? Hər kəsin öz ana dilini bilməsi, ana dilində təhsil alması vacibdir. Ancaq bununla belə, başqa dilləri öyrənmək, o dillər də danışmaq da hər kəsin  hüququdur. Nə qədər xarici dil bilənlərimiz çox olsa, o qədər yaxşıdır”.

159841

Milli Məclisin deputatı Ceyhun Məmmədovun sözlərinə əsasən, övladlarını rus bölməsinə qoyan valideynlər hesab edir ki, uşağı rus sektorunda oxumaqla daha yaxşı təhsil alıb, rus dilini də mükəmməl öyrənə bilər: “Bəzi valideynlər isə rus təhsilli olduğu üçün övladlarını rus bölməsinə qoyur. Azərbaycan Respublikasının Konstitusiyası və Təhsil Haqqında Qanuna görə, məktəb yaşına çatmış hər bir şəxs dövlət təhsil müəssisələrində istədiyi bölmədə təhsil almaq hüququna malikdir. Dövlət bu öhdəliyi üzərinə götürür və bütün hallarda şagirdi bilik və bacarıqlarına, istəyinə uyğun olaraq arzu etdiyi bölmədə təhsilini təmin etməlidir. Bunu nəzərə alaraq biz də rus və digər xarici dildə təhsilə qarşı çıxmamalıyıq. Cəmiyyətdə rus və digər xarici dilləri bilən kadr və mütəxəssislərə ehtiyac var. Rus dilini bilən gənc kadrlarımız olmalıdır ki, onlar gələcəkdə bizim apardığımız informasiya müharibəsində öz fikirlərini ifadə edə bilsinlər”.

 

Millət vəkili Aqil Abbas deyir ki, övladının hansı bölmə üzrə təhsil alması valideynin seçimidir. Kimi övladını ana dilimizdə, kimi rusca, kimi isə ingiliscə oxudur: “Hər kəsin öz seçimi var. İnsanların seçiminə hörmətlə yanaşmaq lazımdır. Hazırda ölkədə ingiliscə təhsil verən məktəblər fəaliyyət göstərir. Ancaq bu məktəblərdə təhsil haqqı çox yüksək olduğu üçün hər kəs uşağını bu məktəblərə qoya bilmir. Hər valideynin gücü çatmır ki, övladını ingiliscə oxutsun. Rus bölməsi pulsuz olduğu üçün də çoxları uşağını aparıb ora qoyur”.

 

Millət vəkili hesab edir ki, uşaqların rusca təhsil almasının bir zərəri yoxdur: “Deyirlər ki, rus bölməsində təhsil alanlarda vətənpərvərlik hissi, milli-mənəvi dəyərlərə bağlılıq digərləri ilə müqayisədə aşağı olur. Bu yanlış fikirdir. Ölkədə o qədər rusdilli vətənpərvər insanlar var ki. Kimsə rusca bilirsə və milli təfəkkürə sahibdirsə onun mənim gözüm üstə yeri var. Mən Ağdamda rus məktəbinin Azərbaycan bölməsində təhsil almışam. Hələ o vaxtdan müşahidə edirdim ki, rus bölməsində oxuyan uşaqlar bizdən üstündür. Onlar Dostyevskini orijinaldan oxuyurdular, bizsə isə tərcümədən”.

 

A. Abbas bildirib ki, hansı bölmədə təhsil almasında asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşı doğma ana dilini mükəmməl şəkildə bilməlidir: “Valideynlər çalışmalıdır ki, hansı bölmədə təhsil almasından asılı olmayaraq uşaqlar doğma ana dilində mükəmməl bilsin”.

 

Əməkdar elm xadimi, professor Şahlar Əsgərov bildirib ki, valideynlər rus dilinin verdiyi imkanlar səbəbindən övladlarınını rus bölməsində təhsil almasına üstünlük verir: “Son illərdə rus bölməsinə axın var. Valideynlər hesab edir ki, rus bölməsində daha keyfiyyətli təhsil verilir”.

 

Professor qeyd edib ki, orta təhsili mütləq ana dilində almaq lazımdır: “Uşaqların başqa dilləri bilməsi müsbət haldır. Ancaq onlar bu dilləri ikinci dil kimi öyrənməlidirlər".

 

Onun fikrincə, xarici dili bilməyin böyük üstünlükləri var: “Hərdən düşünürəm ki, kitablarımı, əsərlərimi, elmi məqalələrimi rus dilində yazsaydım, daha məşhur olardım. İngiliscə yazsaydım isə bütün dünyada tanınardım. Fikirlərimi daha çox insana çatdırardım”.

 

Təhsil naziri Emin Əmrullayev ümumtəhsil müəssisələrində başqa dillərdə tədrisin aparılmasını təhsilin uğuru hesab edir:

 

“Hər bir xalqın, millətin dili onun mədəniyyətinin, milli kimliyinin böyük bir hissəsidir. Azərbaycan dili dövlət dili kimi bütün məktəblərdə tədris edilir. Bu ildən rus bölməsində dilimizin tədris saatları iki dəfə artırılıb. “Zəfər tarixi” Azərbaycanca tədris edilir. Bu, o anlama gəlməməlidir ki, biz başqa dillərdə tədrisin aparılmasına qarşıyıq. Əksinə, ölkəmizdə rus, gürcü, özəl məktəblərdə ingilis dillərində tədrisin təşkilini təhsil sistemimizin uğuru hesab edirik. Təbii ki, bu uğurumuzdan geri çəkilmək niyyətimiz yoxdur”.

 

Xəbər lenti