Logo

Azərbaycan və Almaniya arxeoloqları Ağalıqtəpə yaşayış yerində tədqiqat aparıblar

08.05.2025 10:52 72 baxış
IMG

Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitutu ilə Almaniyanın Vürtsburq Yulius Maksimilians Universiteti arasında bağlanmış anlaşma memorandumuna əsasən arxeoloji ekspedisiya cari il üçün nəzərdə tutulan çöl tədqiqatlarını başa çatdırıb.

Bu barədə TƏHSİL.BİZ -ə institutdan bildirilib. Qeyd olunub ki, ekspedisiyaya institutun aparıcı elmi işçisi dosent Şamil Nəcəfov, Vürtsburq Yulius Maximilians Universitetinin Qədim Yaxın Şərq tədqiqatları kafedrasının müdiri professor Martin Qruber rəhbərlik ediblər.

Arxeoloji qazıntılar Ağstafa rayonunun Dağ Kəsəmən kəndi ərazisində Son Tunc-Erkən Dəmir dövrünə aid Ağalıqtəpə yaşayış yerində aparılıb. Arxeoloji qazıntıların aparılmasında və Ağalıqtəpə yaşayış yerinin qazıntı sahəsi kimi seçilməsində məqsəd bölgədə Xocalı-Gədəbəy arxeoloji mədəniyyətinin yayılma arealını və arxeoloji tapıntıların mütləq yaşını müəyyən etməklə yanaşı, ərazinin Tunc dövrünün son mərhələsində və Erkən Dəmir dövründə məskunlaşma xüsusiyyətlərini müəyyənləşdirmək olub.

Ümumi sahəsi təxminən 2,5 hektar olan abidənin ərazisində seçilmiş 200 kvadratmetrdən çox qazıntı sahəsində ilkin tədqiqatların nəticələri onu deməyə əsas verir ki, mədəni təbəqə yatımı çox zəngindir. Buradan təsərrüfat təyinatlı tikililərlə yanaşı (çox dərin və böyük diametrə malik təsərrüfat quyuları), ocaq yerləri və qurğuları, çiy kərpic qalıqları, döşəmə yerləri, düzbucaqlı plan quruluşuna malik otaqların qalıqları aşkar edilib. Keramika nümunələri müxtəlif formalı və məzmunludur. İy başlıqları toxuculuğun bir sənət sahəsi kimi inkişaf etdiyini göstərir. Daş alətlər isə ərazinin qədim sakinlərinin maldarlıqla yanaşı, əkinçilik təsərrüfatı ilə də məşğul olduğunu sübut edir. Tədqiqatların ilkin nəticələri onu deməyə əsas verir ki, qeyd edilən dövrdə Ağalıqtəpənin qədim sakinləri ərazidə sıx məskunlaşmış və təsərrüfatın müxtəlif sahələri ilə məşğul olmuşlar.

Arxeoloji tədqiqatlar növbəti il də davam etdiriləcək.

Xəbər lenti