Türkiyənin Trabzon şəhərində “Yavuz Sultan Selim (Bilim, düşünce, sanat)” mövzusunda beynəlxalq konfrans keçirilib.
TƏHSİL.BİZ xəbər verir ki, konfransda Türkiyə, Azərbaycan, ABŞ, Kanada, İran, Macarıstan, Ukrayna, İordaniya və digər ölkələrdən alimlər iştirak ediblər.
Beynəlxalq konfransda ölkəmizi AMEA-nın Tarix və Etnologiya İnstitutunun dosentləri Tofiq Nəcəfli, Mübariz Ağalarlı, AMEA-nın Folklor İnstitutunun professoru Füzuli Bayat, Naxçıvan Dövlət Universitetinin dosenti Qalibə Hacıyeva təmsil ediblər.
Azərbaycanlı alimlərin konfransda “Çaldıran savaşı ərəfəsində Şah İsmayıl-Sultan Səlim əlaqələri: tarixi gerçəkliklər”, “Yavus Sultan Səlim dönəmində Osmanlı dövlətinin Səfəvi və Şeybani dövlətləri ilə diplomatik yazışmaları və məktublaşma dili, “Osmanlı-Səfəvi qarşıdurmasının gerçək səbəbləri üzərinə”, “Osmanlı imperiyası dövründə Qafqazda türk kökənli tarixi toponimlərin çağdaş dövrdə erməniləşdirilmiş variantları”, “Çaldıran savaşında inanc və iqtidarın vəhdəti: imperiyanın bütövlüyünün qorunmasında Yavuz Sultan Səlimin dini kimlik siyasəti” mövzusunda məruzələri dinlənilib.
Sultan Səlim dönəmində Səfəvi-Osmanlı münasibətləri, Çaldıran savaşı ərəfəsində Şah İsmayıl Sultan Səlim əlaqələri, Osmanlı-Səfəvi-Şeybani dövlətləri arasında diplomatik yazışmaların dili, Osmanlı dövründə Qafqazda mövcud olan türk mənşəli toponimlərin müasir dövrdə erməniləşdirilməsi, Sultan Səlimin dini kimlik siyasəti və digər məsələlər dövrün mənbələri və tədqiqat əsərlərinə istinadən tədbir iştirakçılarının diqqətinə çatdırılıb. Həmçinin elmi müzakirələr zamanı Azərbaycan alimləri tərəfindən Osmanlı-Səfəvi münasibətlərinin tarixşünaslığına yeni baxışın ortaya qoyulmasının vacibliyi və zəruriliyi vurğulanıb.
Konfrans çərçivəsində iştirakçılar Trabzon bölgəsinin füsunkar təbiəti, tarixi-memarlıq abidələri ilə tanış olublar. Trabzon bölgəsinə xüsusi rəng qatan İslamaqədərki mədəniyyətlərlə Müsəlman-türk mədəniyyətinin sintezinin harmoniyası xüsusilə maraq doğurub.