Logo

Dövlət İmtahan Mərkəzinin “Gənc psixometrik” təcrübə proqramı davam edir

30.05.2025 12:52 68 baxış
IMG

Dövlət İmtahan Mərkəzinin (DİM) həyata keçirdiyi “Gənc psixometrik” təcrübə proqramı davam edir.

DİM-dən TƏHSİL.BİZ -ə bildirilib ki, “Gənc psixometrik” təcrübə proqramı təhsilin qiymətləndirilməsi sahəsində gənc mütəxəssislər bazasının formalaşdırılması məqsədilə həyata keçirilir. Təcrübə proqramının müddəti 3 aydır. Proqram aşağıdakı hissələrdən ibarətdir:

-Qiymətləndirmə və statistika üzrə təlimlər;

-Real datalar üzrə praktiki tapşırıqların yerinə yetirilməsi;

-Təqdim olunan data (məlumat) üzrə layihənin həyata keçirilməsi və nəticələrin təqdim olunması.

Qeyd edək ki, təcrübə proqramına qəbul müsabiqə yolu ilə həyata keçirilib. Proqramda iştirak etmək üçün qeydiyyat elektron formada aparılıb və 669 nəfər müraciət edib. Daha sonra həmin şəxslər test imtahanı mərhələsinə dəvət olunublar. Test imtahanında ən yüksək nəticə göstərən 30-dan çox namizəd müsahibə mərhələsinə dəvət olunub. Müsahibədən uğurla keçən namizədlər təcrübə proqramına qəbul olunublar.

Hazırda təcrübə proqramının 16 iştirakçısı var. Proqramının ilkin mərhələsi olan təlimlərə mayın əvvəllərində start verilib. Təlimlər DİM-in elektron imtahanlar korpusunda əyani şəkildə həyata keçirilir.

Təlimlər zamanı iştirakçılara ölçmə və qiymətləndirmənin əsasları, test tapşırıqlarının növləri və tərtibi, klassik və müasir test nəzəriyyələri üzrə məlumatlar verilir və onların tətbiqi sahələri barədə ətraflı təqdimatlar edilir. Qiymətləndirmə ilə yanaşı, iştirakçılara statistika üzrə bilik və bacarıqlar da aşılanır. İştirakçılar nəzəri olaraq öyrəndiklərini onlara təqdim olunan datalar üzərində tətbiq edirlər. Təlimlərlə yanaşı, proqram iştirakçılarına açıq tipli tapşırıqlar üzrə yazı işlərinin Onlayn Marker Sistemi vasitəsilə qiymətləndirilməsi, təhlükəsiz və etibarlı çap prosesi, elektron imtahanların keçirilməsi və s. istiqamətlərdə təqdimatların edilməsi, proseslərlə yaxından tanışlıq üçün ekskursiyaların keçirilməsi nəzərdə tutulur.

Xatırladaq ki, proqramın məqsədi təhsilin qiymətləndirilməsi sahəsində nəzəri və praktiki bilik və bacarıqların mənimsədilməsi, statistik təhlil metodlarının öyrədilməsi yolu ilə qiymətləndirmə sahəsində gənc mütəxəssislər bazasını formalaşdırmaqdır.

Xəbər lenti