Filologiya üzrə fəlsəfə doktoru Vüsalə Nəsibovanın “Qarabağ folklorunun bədii-semantik xüsusiyyətləri” adlı monoqrafiyası Azərbaycan folklorunun zəngin qolu olan Qarabağ folklorunun semantik aspektdən təhlilinə həsr olunub.
TƏHSİL.BİZ xəbər verir ki, kitabda Qarabağ bölgəsinə aid folklor nümunələri - bayatı, mif, əfsanə, inanclar və s. bədii nümunələr təhlil olunub, bədii-semantik, mifoloji xüsusiyyətləri araşdırılıb. Monoqrafiyada tədqiqata cəlb olunmuş xalq yaradıcılığı nümunələri təkcə bədii mətn səviyyəsində deyil, eyni zamanda, dərin tarixi-kontekstual xüsusiyyətləri nəzərə alınaraq öyrənilib. Müəllif Qarabağ folklor nümunələrini xalqın milli kimliyinin simvolu, mənəvi dünyagörüşü və xalq yaddaşı nümunələri kimi təqdim edib.
Qarabağ folkloru yalnız poetik nümunələr deyil, eyni zamanda, bu qədim və tarixi torpaqlarda yaşayan xalqın mənəvi dünyası, bədii dünyagörüşü və milli mənəviyyatıdır. Kitab bu nöqteyi-nəzərdən Qarabağ folklorunun semantik xüsusiyyətlərini əks etdirərək xalqın ideoloji, psixoloji, sosial düşüncə və daxili dünyasındakı çalarları izah edir.
Monoqrafiyada Qarabağ bayatıları xalqın mənəvi kimliyinin simvolu kimi təqdim olunur. Bayatı təkcə folklor nümunəsi olmayıb, həm də xalqın poetik düşüncə sisteminin mənasıdır, quruluş baxımından sabit, məna baxımından zamanın bütün dəyişimlərini, dinamikasını özündə əks etdirən dördlük sistemdir, bir poetik janr kimi xalq etnopoetik düşüncəsinin ilk qaynaqlarındandır.
Kitabda Qarabağ bölgəsindən toplanmış mifoloji mətnlər əsasında Qarabağ folklorunda mifik kimliyin etik-mənəvi konseptləri müəyyənləşdirilib, mif mətnlərində təbiətə, onu təşkil edən ünsürlərin hər birinə “ekoloji baxış” təqdim olunub.
Qədim tarixə malik Qarabağ folklor mühiti pirlər, ocaqlar və ziyarətgahlarla zəngindir. Kitabda bu məkanlar haqqındakı materiallar öyrənilməklə onların hamısının bu və ya digər şəkildə “qurbanvermə” mərasimi ilə sıx bağlı olduğu göstərilir, bu ziyarətgahların qurbanvermənin ilkin ritual-mifoloji əlamətlərini bu gün də qoruyub saxlaya bilməsi diqqətə çatdırılır.
Qarabağ folklor mühiti Azərbaycan folklorunun bütün janr sistemini özündə inikas edir. Bu cəhətdən Qarabağda aşıq sənəti, xalq poeziyası ənənələri güclü şəkildə inkişaf etmiş, bu bölgədə həm görkəmli ifaçı və yaradıcı aşıqlar, həm də el şairləri fəaliyyət göstərmişdir. Kitabda bölgənin xalq yaradıcılığı ilə bağlı sənətkarlarından bəhs olunaraq “aşıq” və “el şairi” terminlərinin məna dairəsi müəyyən edilir, bölgə üçün xarakterik olan funksional -semantik xüsusiyyətlərinə diqqət yetirilir.
Kitabda Qarabağ bölgəsinə məxsus mətnlər əsasında “padşah seçmə”, “şah bəzəmə”, İlaxır çərşənbə ilə bağlı inanclar, falabaxma, “Yelləncək” oyunu və s. adətlər tədqiqata cəlb olunub, bu bölgədə qeyd olunan Novruz adətləri ümumxalq bayramının, bütövlükdə Novruz mərasim kompleksinin tərkib hissəsi kimi araşdırılıb.
Monoqrafiyanın elmi redaktoru professor Seyfəddin Rzasoy, rəyçisi dosent Qalib Sayılovdur.