AMEA Arxeologiya və Antropologiya İnstitutunun təşəbbüsü və təşkilatçılığı ilə yaradılmış və Azıx mağarasında tədqiqatlar aparmış beynəlxalq arxeoloji ekspedisiyanın elmi heyəti yenidən Azərbaycana gəlib. Onlar 2023-cü ildə başladıqları tədqiqatları davam etdirəcəklər. Azərbaycan tərəfindən institutun aparıcı elmi işçisi Azad Zeynalovun həmrəhbərliyi ilə fəaliyyət göstərən arxeoloji ekspedisiyanın tərkibinə Danimarka, Norveç və Almaniyadan olan alimlər daxildirlər.
Bu barədə TƏHSİL.BİZ-ə institutdan məlumat verilib. Arxeologiya və Antropologiya İnstitutunun direktoru dosent Fərhad Quliyev beynəlxalq arxeoloji ekspedisiyanın üzvləri ilə görüşdə 2023-cü ildə Danimarkanın Orhus Universiteti ilə imzaladığı əməkdaşlıq barədə razılaşmanın müddəalarına uyğun olaraq birgə tədqiqatların nəticələrindən məmnunluğunu və bu əməkdaşlığın daha yeni elmi uğurlar gətirəcəyinə inamını bildirib. “İşğal dövründə Azıx mağarasında və bir sıra digər abidələrdə işğalçılar tərəfindən qeyri-qanuni tədqiqatlar aparılıb. Bu tədqiqatlar beynəlxalq və respublika qanunlarının ciddi pozuntusu idi. Hazırda isə artıq sizin iştirakınız ilə azad edilmiş ərazilərdə hüquqi və etik normalara tam uyğun beynəlxalq tədqiqatlar aparılmaqdadır”, - deyə institutun direktoru əlavə edib. Vurğulayıb ki, hazırda Arxeologiya və Antropologiya İnstitutu yeni bir dönəmini yaşamaqdadır. Əsas məqsəd dünya elminin çağırışlarına cavab verəcək yeni bir institutun qurulmasıdır. Sözsüz ki, aparılan bu islahatlar institut qarşısında müxtəlif çeşidli arxeometrik tədqiqatların intensivləşməsini tələb etməkdədir.
Elmi ekspedisiyanın Danimarka tərəfindən həmrəhbəri olan Orhus Universitetinin Geologiya elmləri departamentinin professoru Mads Faurschou Knudsen Azərbaycanda birgə arxeoloji tədqiqatda iştirak etməsini böyük uğur kimi qiymətləndirib. Qeyd edib ki, Azıx mağarası qədim insanın Afrikadan dünyaya yayılması kimi elm qarşısında duran mühüm mövzunun araşdırılmasında bir sıra problemlərə yetərincə işıq sala biləcək abidədir. Bildirib ki, Orhus Universiteti Azərbaycan arxeologiyasında arxeometrik tədqiqatların aparılması və aidiyyəti elmi-tədqiqat sahələri üzrə mütəxəssislərin hazırlanması istiqamətində əməkdaşlığa hazırdır.
Daha sonra beynəlxalq arxeoloji ekspedisiyanın üzvləri öz tədqiqat sahələri barədə məlumat veriblər.