Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Respublika Elmi-Texniki Kitabxanasında 28 May - Müstəqillik Günü ilə əlaqədar “Müstəqil respublika: Hüquqi dövlətin bünövrəsi və əqli mülkiyyətin qorunması” mövzusunda tədbir və kitab sərgisi keçirilib.
Bu barədə TƏHSİL.BİZ -ə Əqli Mülkiyyət Agentliyindən məlumat verilib.
Tədbirdə Milli Məclis sədrinin müavini Musa Qasımlı, Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri Əziz Ələkbərli, Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin üzvü, sədr müavini Sənan Tapdıqov, Agentliyin İdarə Heyətinin müşavirləri Fərid Cəfərov və Akif Təvəkküloğlu iştirak ediblər.
Müsəlman Şərqində ilk demokratik respublikanın yaradılmasına həsr olunmuş tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsinin anılması ilə başlanıb.
Tədbirdə Sənan Tapdıqov müstəqil dövlətimizin bünövrəsinin ali hüquqlara dayanaraq sürətlə inkişafından və əqli mülkiyyətin qorunmasında Agentliyin müstəsna rolundan danışıb.
Sonra Milli Məclis sədrinin müavini Musa Qasımlı Azərbaycanın suverenliyinin bərpa olunmasının üç vacib şərti kimi dövlət, dövlətin mükəmməl lideri və qüdrətli xalq birliyinin olmasını qeyd edib.
Daha sonra çıxış edən Əziz Ələkbərli soydaşlarımızın Qərbi Azərbaycana öz yurdlarına qayıdacaqlarına əminliyini söyləyib.
Akif Təvəkküloğlu çıxışında Ulu Öndər Heydər Əliyevin “Gün gələcək Azərbaycan bir günəş kimi Yer üzünə doğacaq!” sözlərini xatırladıb.
Respublika Elmi-Texniki Kitabxanasının direktoru Mübariz Məmmədli qonaqlara tədbirdə iştirak etdikləri üçün minnətdarlığını bildirib.