Azərbaycan Ağsaqqallar Şurasının və Azərbaycan Dövlət Aqrar Universitetinin birgə təşkilatçılığı ilə Gəncə şəhərində 28 May - Müstəqillik Günü ərəfəsində “Konstitusiya və Suverenlik İli”nə həsr olunan “Ulu Öndər Heydər Əliyev müasir Azərbaycan Respublikasının, Konstitusiyasının və suverenliyinin banisidir” mövzusunda regional konfrans keçirilib.
TƏHSİL.BİZ -in bölgə müxbiri xəbər verir ki, Azərbaycan Dövlət Aqrar Universitetinin inzibati binasında baş tutan regional konfransda Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Dövlət Aqrar Universitetinin prorektoru Əhməd Məlikov Prezident İlham Əliyev tərəfindən 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi haqqında Sərəncamının önəmindən söz açıb, dövlət başçısının rəhbərliyi ilə qüdrətli Azərbaycanın davamlı inkişafı, dünya ölkələri arasında özünə layiqli yer tutması, müstəqilliyimizin dönməz və əbədi olmasında Ulu Öndər Heydər Əliyev ideyalarının əvəzsiz rol oynadığını vurğulayıb.
Regional konfransda digər natiqlərlə yanaşı, Respublika Ağsaqqallar Şurasının sədr müavini, təşkilatın qərb regionu üzrə əlaqələndiricisi Bayram Yusifov da çıxış edərək, Azərbaycanın müstəqillik mübarizəsi tarixində Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətlərindən söz açıblar. Çıxışlarda hələ sovetlər dövrünün mövcud olduğu 1990-cı ildə dahi rəhbərin qətiyyəti ilə üçrəngli bayrağımızın Naxçıvanda ucaldılması milli azadlıq hərəkatında, müstəqilliyə gedən yolda böyük tarixi hadisə kimi dəyərləndirilib. Vurğulanıb ki, Ümummilli Liderin strategiyası Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilir. Bunun nəticəsidir ki, ölkəmizin suverenliyi bərpa olunub, beynəlxalq aləmdə nüfuz sahibinə çevrilib.
Konfrans müzakirələrlə davam edib.