“Ölkədə uşaqların hüquqlarının qorunması, onların hərtərəfli inkişafı, təhsil və sağlamlıq imkanlarının yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılır. Bu istiqamətdə həyata keçirilən layihələr sağlam və savadlı nəslin formalaşmasına xidmət edir”.
TƏHSİL.BİZ xəbər verir ki, bu sözləri 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova deyib.
Komitə sədri bildirib ki, Naxçıvan Muxtar Respublikasında uşaqların müdafiəsi və rifahı naminə çoxşaxəli fəaliyyət həyata keçirilir: “Bu fəaliyyət çərçivəsində digər dövlət qurumları ilə sıx əməkdaşlıq şəraitində bir sıra mühüm nəticələr əldə olunub, xüsusi olaraq uşaqların təhsildən yayınma hallarının qarşısının alınması istiqamətində isşlər görulüb”.
Qeyd olunub ki, bu məqsədlə komitə tərəfindən İşçi qrupu yaradılıb, monitorinqlər aparılıb, uşaqların ailələrinin sosial vəziyyəti, psixoloji durumu və təhsildən yayınma səbəbləri araşdırılıb. Nəticədə 23 uşağın məktəbə davamiyyəti təmin olunub və müvafiq məlumat bazası yaradılıb.
Ramilə Seyidova çıxışının sonunda qeyd edib ki, bu il keçirilən buraxılış imtahanında Naxçıvanda ən yüksək nəticəni Ordubad şəhəri tam orta internat məktəbi bir şagirdi əldə edib. Bu uğur həm şagirdin səyi, həm də bölgədə yaradılmış müasir təhsil infrastrukturunun və göstərilən dəstəyin nəticəsidir.