AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda Xuraman Əliyevanın “Aida İmanquliyeva ərəb məhcər ədəbiyyatının tədqiqatçısı kimi” kitabı çapdan çıxıb.
Bu barədə TƏHSİL.BİZ -ə Şərqşünaslıq İnstitutundan bildirilib.
Professor Aida İmanquliyeva yeni ərəb məhcər ədəbiyyatına, bu ədəbiyyatın Cübran Xəlil Cübran, Mixail Nuaymə, İlya Əbu Madi kimi görkəmli nümayəndələrinin həyat və yaradıcılığına həsr etdiyi tədqiqatlar öz orijinallığını, zənginliyini, nəzəri dərinliyini, konseptuallığını daim qoruyub saxlayan əsərlərdir. Yeni kitabda da Xuraman Əliyeva görkəmli alim Aida İmanquliyevanın elmi yaradıcılığını məhz bu yöndə nəzərdən keçirib.
Monoqrafiya giriş, üç fəsil, nəticə və ədəbiyyat siyahısından ibarətdir. Birinci fəsil “Azərbaycan ədəbiyyatşünaslığında Aida xanım İmanquliyevanın yeri” adlanır. Bu fəsildə alimin həyatı və mühitindən bəhs edilir, eləcə də elmi, pedaqoji və təşkilati fəaliyyəti nəzərdən keçirilir.
İkinci fəsildə professor Aida İmanquliyevanın ərəb məhcər ədəbiyyatının tədqiqatçısı, tərcüməçisi və təbliğatçısı kimi yaradıcılığı araşdırılır. Monoqrafiyanın müəllifi burada alimin ərəb məhcər əsəbiyyatına dair elmi araşdırmalarının təhlilini aparır, onun bədii tərcümələrindən bəhs edir, bədii tərcümə sənəti haqqında fikirləri diqqətə çatdırır.
“A.İmanquliyevanın klassik rus ədəbiyyatına dair araşdırmaları” adlı üçüncü fəsildə XX əsrin I yarısı yeni ərəb ədəbiyyatı rus-ərəb ədəbi əlaqələri baxımından nəzərdən keçirilir. Aida İmanquliyeva Suriya-Amerika məktəbinin nailiyyətlərini Avropa və Amerika ideya-estetik fikri ilə yanaşı, rus ədəbiyyatının təsiri fonunda təhlil edib. Burada da əsasən rus ədəbiyyatının Mixail Nuaymə ədəbi yaradıcılığına təsiri ilə bağlı A.İmanquliyevanın elmi əsərləri araşdırılır. Bu fəsildə, həmçinin Nuaymənin öz əsərlərində ötən əsrin əvvəllərində Rusiyanın ictimai-siyasi, ədəbi-mədəni həyatını və təhsil sistemini əks etdirməsi ilə bağlı şərqşünas alimin yazdıqları diqqətə alınır.