Elm və Təhsil Nazirliyində yeni ali təhsil proqramlarının hazırlanması məqsədilə yaradılmış Komissiyanın ikinci iclası keçirilib.
TƏHSİL.BİZ xəbər verir ki, iclasda komissiyanın üzvləri olan nazirliyin elm və ali təhsil üzrə məsul şəxsləri, ali təhsil müəssisələrinin rəhbərləri, eləcə də digər aidiyyəti qurumların nümayəndələri iştirak ediblər. Qeyd edək ki, sözügedən komissiyanın tərkibində 9 İşçi qrupu yaradılıb. İşçi qruplarına sədrlik ali təhsil müəssisələrinin rəhbərləri və əmək bazarından nümayəndələr olmaqla yeni həmsədrlik mexanizmi əsasında həyata keçirilir. İşçi qruplarının həmsədrləri eyni zamanda Nazirlikdə yeni ali təhsil proqramlarının hazırlanması məqsədi ilə yaradılmış Komissiyanın üzvləridir. Bu Komissiya yeni təhsil proqramlarının hazırlanması və təsdiqi prosesində əsas qərarverici mexanizmlərdən biri kimi fəaliyyət göstərir.
Tədbiri giriş sözü ilə açan komissiyanın sədri, elm və təhsil nazirinin müavini İdris İsayev iştirakçıları salamlayıb və iclasın gündəliyi barədə məlumat verib. O bildirib ki, ali təhsilin magistratura səviyyəsi üzrə ixtisaslaşmaların yeni siyahısının, eləcə də magistratura səviyyəsində təhsil proqramlarının çərçivə sənədinin təsdiqi və növbəti addımların müzakirəsi gündəlikdə duran əsas məsələlərdəndir.
Nazir müavini qeyd edib ki, yeni təhsil proqramlarının hazırlanması üzrə İşçi qrupları səmərəli fəaliyyət göstərir:
“Artıq İşçi qruplarında 1000-ə yaxın nümayəndə təmsil olunur. Buraya ali təhsil müəssisələrinin və əmək bazarının nümayəndələri ilə yanaşı, tələbələr də daxildir”.
Daha sonra Komissiyanın üzvü olan Elm, ali və peşə təhsili şöbəsinin müdiri Turxan Süleyman çıxış edərək komissiyanın və İşçi qruplarının fəaliyyəti barədə məlumat verib. O, ixtisaslaşmaların müəyyənləşdirilməsi prosesi barədə danışaraq bildirib ki, hər bir ixtisas üzrə əmək bazarının tələblərinə uyğun siyahılar İşçi qruplar tərəfindən hazırlanaraq nazirliyə təqdim edilib.
Şöbə müdiri əlavə edib ki, İşçi qrupları tərəfindən magistratura səviyyəsində 10 ixtisas qrupunun ümumilikdə 129 ixtisası üzrə 925 ixtisaslaşma təklif edilib.
“Onlardan 34-ü təhsil, 131-i humanitar və sosial, 79-u mədəniyyət, 117-si iqtisadiyyat və idarəetmə, 152-si təbiət, 308-i texniki və texnoloji, 50-si kənd təsərrüfatı, 30-u səhiyyə, 15-i idman və xidmət, 9-u isə xüsusi təyinatlı ixtisas qruplarına aiddir. Ümumilikdə 925 ixtisaslaşma müəyyən edilib”,- Turxan Süleyman diqqətə çatdırıb.
İclasda komissiya üzvləri ilə birgə magistratura səviyyəsində təhsilin məzmununun təkmilləşdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. Çıxış edənlər ölkənin sosial-iqtisadi inkişaf tələblərinə uyğun olaraq magistratura səviyyəsində mütəxəssis hazırlığının keyfiyyətinin artırılmasının vacibliyini vurğulayıblar.