Logo

Rektor: BMU aqrar sahədə texnoloji təşəbbüslərə elmi dəstək verməyə hazırdır

16.05.2025 15:27 95 baxış
IMG

18-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi (Caspian Agro 2025) çərçivəsində II Beynəlxalq Aqrar İnnovasiya Forumu keçirilib. Aqrar sahədə innovasiyaların təşviqi, bilik və təcrübə mübadiləsinin gücləndirilməsi, eləcə də dövlət-özəl sektor əməkdaşlığının genişləndirilməsi məqsədi daşıyan forumun növbəti panel sessiyası “Təhsil və sənaye müəssisələri arasında əlaqələrin gücləndirilməsinə dair dialoq” mövzusuna həsr olunub.

TƏHSİL.BİZ  xəbər verir ki, Bakı Mühəndislik Universitetinin (BMU) rektoru Yaqub Piriyev çıxışında aqrar sahədə innovasiya, elmi tədqiqat və texnologiyaların ölkənin gələcək inkişafında mühüm rol oynadığını bildirib. O qeyd edib ki, kənd təsərrüfatına rəqəmsal texnologiyalar, süni intellekt, pilotsuz uçuş aparatları və digər müasir yanaşmalar tətbiq olunur və bu transformasiyanın mərkəzində universitetlər dayanır.

Rektor vurğulayıb ki, ali təhsil müəssisələri bilikləri real məhsul və xidmətlərə çevirərək iqtisadi dəyər yaradan əsas aktorlardır. BMU-da nəticəyönümlü təşəbbüslər irəli sürülür, universitetin nəzdində fəaliyyət göstərən Texnopark isə bu istiqamətdə geniş imkanlar təqdim edir. Burada aqrar texnologiyalar üzrə, o cümlədən aqrar təyinatlı dronlar, süni intellekt əsaslı tətbiqlər, məhsuldarlığın proqnozlaşdırılması və s. sahələrdə layihələr həyata keçirilir. Tələbə və tədqiqatçılara isə biznes modeli qurmaq, investisiya cəlb etmək və məhsulu bazara çıxarmaq bacarıqları aşılanır.

Çıxışda, həmçinin sənaye tərəfdaşları ilə qurulan strateji əlaqələr, birgə istehsal, texnologiya transferi və ixracyönümlü layihələrin əhəmiyyəti qeyd olunub. Nümunə olaraq, BMU-nun Türkiyənin “Sapmaz Havacılık” və Azərbaycanın “Technocare” şirkətləri ilə birlikdə həyata keçirəcəyi kənd təsərrüfatı dronlarının istehsalı layihəsi göstərilib. Bildirilib ki, bu layihədə BMU Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin dəstəyi ilə akademik tərəfdaş qismində çıxış edəcək. Əməkdaşlıq nəticəsində elmi potensial və sənaye təcrübəsi birləşdirilərək bazar üçün real məhsul yaradılacaq.

Yaqub Piriyev çıxışının sonunda BMU-nun aqrar sahədə, xüsusilə texnoloji təşəbbüslərə elmi dəstək verməyə hazır olduğunu və tədqiqatların real həyata təsirinin vacibliyini vurğulayıb.

Qeyd edək ki, tədbir çərçivəsində ali təhsil müəssisələrinin rektorları 18-ci “Caspian Agro-2025” sərgisini ziyarət edib, aqrar startap müəllifi olan tələbələrlə görüşüblər. Sərgidə BMU tələbələrinin “Aqrar təyinatlı dron”, “Yaşıl texnologiya startapı – FOSIN”, “Smart Jilet” və “Avtomatik idarəetmə paneli” layihələri nümayiş olunub.

Xəbər lenti