Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Memarlıq fakültəsində Beynəlxalq ortaq təhsil proqramları sektorunun təşəbbüsü ilə xüsusi seminar təşkil edilib.
Universitetdən TƏHSİL.BİZ -ə bildirilib ki, seminarda Orhun Mübadilə Proqramı çərçivəsində AzMİU-da qonaq olan Ege Universitetinin Landşaft Memarlığı kafedrasının aparıcı mütəxəssisləri – professor Emine Malkoç True və professor Erhan Vecdi Küçükerbaş tərəfindən təqdimatlar həyata keçirilib.
Seminarda Memarlıq fakültəsinin tələbə və müəllim heyəti ilə yanaşı SABAH Mərkəzinin tələbələri də iştirak ediblər.
Əsas mövzusu "Şəhərsalma layihələri üzrə Ege Universitetinin təcrübələri"nə həsr olunub. Təqdimatlar zamanı qonaqlar İzmir şəhərinin şəhərsalma siyasəti fonunda həyata keçirilən innovativ yanaşmalar barədə məlumat veriblər. Xüsusilə, yaşayış parkları və İzmirin şəhər kənarında yerləşən təbii və kənd ərazilərinin qorunması, təşviqi və şəhərlə inteqrasiyası istiqamətində görülən işlərə nəzər salınıb.
Qeyd olunan layihələrin əsas məqsədi – ekosistemin qorunması, kənd təsərrüfatı istehsalının davamlılığı və rekreasiya imkanlarının genişləndirilməsi kimi strateji hədəfləri bir araya gətirməkdir. Bu baxımdan Ege Universitetinin həyata keçirdiyi şəhərsalma layihələri həm nəzəri, həm də praktiki baxımdan gələcək memarlar və planlaşdırıcılar üçün dəyərli nümunə kimi təqdim olunub.
Seminarda Flamingo Təbiət Parkı layihəsi üzərində çox dayanılıb. Bu nümunə vasitəsilə ictimai məkanların təbiətə uyğun dizayn prinsipləri, insanların ekoloji sistemlə harmoniyada yaşaması və şəhərsalmada davamlılıq ideyalarının tətbiqi geniş şəkildə auditoriyaya izah edilib.
Seminar interaktiv diskussiya formatında davam edib, tələbə və müəllimlər türkiyəli professorlara mövzu ilə bağlı suallarını ünvanlayıb, layihənin texniki və sosial aspektləri üzərində fikir mübadiləsi aparıblar
Qeyd etmək lazımdır ki, Orhun mübadilə proqramı AzMİU-da beynəlxalq əməkdaşlığın və praktik bilik mübadiləsinin inkişafına əhəmiyyətli töhfə verir.