Mayın 14-də Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin açılışının 80 illik yubileyi münasibətilə Xaqani Şirvani adına Aran regional filialında tədbir keçirilib.
Muzeydən TƏHSİL.BİZ -ə bildirilib ki, tədbiri filialın müdiri filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızı açaraq muzeyin yaradılması tarixinə nəzər salıb. Qeyd edib ki, dahi Azərbaycan şairi Nizami Gəncəvinin adını daşıyan Milli Azərbaycan Ədəbiyyatı Muzeyi 1945-ci il mayın 14-də açılıb. Muzeyin yaradılması ilə bağlı sərəncam 1939-cu ildə verilsə də, icrası İkinci Dünya müharibəsindən sonra həyata keçirilib. Muzey 1959 və 1967-ci illərdə genişləndirilib və yenidən qurulub, 2004–2009-cu illərdə təmir və bərpa edilib. Muzeydə Azərbaycan ədəbiyyatının ən qədim vaxtlardan müasir dövrə qədər keçmiş olduğu yol işıqlandırılır, müxtəlif sənədlər, əlyazmalar, kitablar və s. ilə yanaşı, qədim və orta əsrlər dövrünə aid maddi mədəniyyət nümunələri, rəsm və heykəltaraşlıq əsərləri nümayiş etdirilir. Ədəbiyyat tarixi muzeyi 30 ekspozisiya zalından, 10 əsas şöbə, 2 regional filial, elmi fond və s. ibarətdir.
Filialın ekspozisiyası ilə tanış olan qonaqlara muzeyin əməkdaşları eksponatlar haqqında ətraflı məlumat veriblər.
Daha sonra tədbir bədii hissə ilə davam edib.
Sonda tədbir iştirakçıları Azərbaycan ədəbiyyatının inkişafında Ədəbiyyat Muzeyinin müstəsna rolu olduğunu qeyd ediblər.