Logo

“Danışır təcrübə” - Həsən Həsənov Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü

13.05.2025 14:09 37 baxış
IMG

Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi “Danışır təcrübə” layihəsi çərçivəsində növbəti görüş Bakı Avropa Liseyində keçirilib. “Ümummilli Liderin böyük siyasət yolu xatirələrdə” mövzusunda təşkil edilən görüşün qonağı Azərbaycanın dövlət xadimi, diplomat, tarixçi Həsən Həsənov olub. 

Elm və təhsil nazirinin müavini Firudin Qurbanov qonağı təqdim edərkən Həsən Həsənovu bir sıra xarakterik amillərə görə “unikal insan” adlandırıb. Onun iki əsrdə, hətta iki minillikdə, iki fərqli sistemdə çalışaraq uğur qazandığını deyib. Karyerasında yüksək inkişaf yolu keçdiyini vurğulayaraq təhsili, fəaliyyəti ilə bağlı məlumat verib, gəncliyindən ictimai həyatda fəal olduğuna diqqət çəkib.

Nazir müavini Həsən Həsənovun ölkəmiz, xalqımız üçün faydalı fəaliyyətini davam etdirdiyini, Azərbaycanın tarixi həqiqətlərini üzə çıxarmaq istiqamətində böyük işlər gördüyünü nəzərə çatdırıb.

“Cavab verdi ki, Heydər Əliyev planlaşdırdıqlarının hamısını etsə, SSRİ-də çevriliş olacaq”

Həsən Həsənov xatirələrinə “Heydər Əliyev 1969-cu ilin iyun ayında ilk dəfə hakimiyyətə gələndə mən Moskvada işləyirdim”,- deyərək başlayıb: “Sovet –yapon gənclərinin festivalı keçirilirdi, bizi Moskvadan Bakıya göndərdilər. Həmin vaxt eşitdik ki, Heydər Əliyev Mərkəzi Komitəyə seçilib. O, Moskvadan göndərilən 3 gəncin Bakıda olduğunu eşidəndə bizi yanına dəvət etdi. Onda 28 yaşım vardı. Gəlişimizin səbəbi ilə maraqlandı, bizə Bakıdakı vəziyyətdən, görəcəyi işlərlərdən, planlarından danışdı. O vaxt cəsarətli deyildik, sadəcə, onu dinlədik. Görüşdən çıxanda mənimlə Bakıya gələn gənclərdən biri fikrimi soruşdu ki, Heydər Əliyev vəd etdiklərinin hamısını reallaşdıra biləcəkmi? Sualının səbəbi ilə maraqlandım. Cavab verdi ki, Heydər Əliyev planlaşdırdıqlarının hamısını etsə, SSRİ-də çevriliş olacaq. Çünki Azərbaycanda vəziyyət dəyişəcək. Sovet respublikalarının hamısı Azərbaycanla eyni vəziyyətdə olduğundan Heydər Əliyevin burada yaradacağı dəyişiklik daha tez nəzərə çarpacaq, nəticədə Rusiya və başqa sovet respublikalarında heç kəs köhnə qaydanın qalmasına razı olmayacaq. Bu söhbət olanda 1969-cu ilin yayı idi. 1979-cu ilin iyun ayında Heydər Əliyevə Sosialist Əməyi Qəhrəmanı adı verildi. 

O dövrdə bu ad vəzifəli şəxslərə “yuvarlaq” yaşlarda verilirdi. Amma Heydər Əliyev 56 yaşında idi. Fərmanda da qeyd edilmişdi ki, o, fəaliyyətinə görə təltif edilir. Bu fəaliyyət nədən ibarət idi? Heydər Əliyev problemləri həll etməyə iqtisadiyyatdan başlamışdı. Ona qədər kənd təsərrüfatı acınacaqlı vəziyyətdə idi, pambıq planı dolmurdu. Heydər Əliyev hakimiyyətə elə vaxtda gəlmişdi ki, siyasi vəziyyət həddindən artıq gərgin idi, ermənilər ərazi iddiası qaldırmış, Moskvadan xüsusi komissiya dəvət etmişdilər. Bu gərginlik sosial vəziyyətə də təsir etmişdi, vəziyyət ağır idi. H.Əliyev 1979-cu ilədək bu problemləri həll etmişdi”.

“Fəaliyyətini Moskvada davam etdirməsi Azərbaycanda gördüyü işlərin və şəxsiyyəti ətrafında formalaşan ictimai fikrin nəticəsi idi”

1981-ci ildə H.Əliyevin “Literaturnaya qazeta”ya verdiyi müsahibənin yaratdığı rezonans gözlənilən nəticəni yaxınlaşdırdı: 

“Rusiya Federasiyasının vilayətlərindən, hətta müttəfiq respublikalardan müraciətlər daxil olub ki, Heydər Əliyevin Azərbaycanda həll etdiyi problemlər onları da narahat edən məsələlərdir. Tələbləri də bu olub ki, ya Heydər Əliyev, ya da Heydər Əliyev səviyyəsində şəxsiyyət onlara rəhbər təyin edilsin. Bu tələb öz işini gördü, 1982-ci ildə Heydər Əliyevi Moskvaya dəvət etdilər. Bilməlisiniz ki, Heydər Əliyevin fəaliyyətini Moskvada davam etdirməsi onun Azərbaycanda gördüyü işlərin və şəxsiyyəti ətrafında formalaşan ictimai fikrin nəticəsi idi. Sovet İttifaqında ictimai fikrə çox böyük önəm verirdilər və Heydər Əliyev Siyasi Büroya namizəd idi, büroya seçildi, Baş nazirin birinci müavini oldu. Heydər Əliyev daxili məsələlərdə aparıcı şəxs, SSRİ-nin 3 rəhbərindən biri idi”.

“Elə çıxacaq ki, Şaumyanın yaratdığı respublikada yaşayırıq”

1981-ci ildə Heydər Əliyevin elm, təhsil, mədəniyyət sahələrini ona tapşırdığını deyən H.Həsənov həmin illərdə Ulu öndərin fəaliyyətini daha yaxından izləmək imkanı əldə edib. Həmin illərdə, hətta hakimiyyətə gəlişinin ilk aylarında Nəriman Nərimanovun yubileyi ilə bağlı mübarizə aparmalı olub. Azərbaycanda ikinci respublikanın qurulmasında böyük xidmətləri olan Nəriman Nərimanovun 100 illik yubileyinin dramaturq kimi deyil, dövlət xadimi kimi qeyd edilməsi məhz Heydər Əliyevin səylərinin nəticəsi idi: 

“Bunun üçün apardığı mübarizəni əsaslandıraraq demişdi ki, əgər Nərimanovu itirsək, onun xidmətlərinin üstündən xətt çəksək, belə çıxacaq ki, Şaumyanın yaratdığı respublikada yaşayırıq”.

Heydər Əliyevin müəllimlərlə bağlı göstərişi

“Heydər Əliyev məktəblərə böyük önəm verirdi”, -- deyən Həsən Həsənov Heydər Əliyevin müavini olduğu dövrə aid daha bir xatirəsində Ulu öndərin ana dilimizə, onun tədrisinə verdiyi önəmə şahid olub: 

“Təhsil məsələləri mənim kurasiyamda olduğundan rayonlardakı məktəblərə baş çəkirdim. Səfərlərimin birində belə bir fakt aşkarladım ki, ölkəmizdə rus dilini tədris edən müəllim Azərbaycan dili deyən müəllimdən çox maaş alır. Səbəbi ilə maraqlananda öyrəndim ki, qərar Bakıdan verilib. Təhsil naziri Mehdi Mehdizadəni çağırıb səbəbini araşdıranda öyrəndim ki, qərar bütün sovet respublikalarında qüvvədədir və rus dilini öyrədən müəllimlərə motivasiya olaraq belə bir qərar verilib. Məsələ barədə Heydər Əliyevə məlumat verdim, o təəccübləndi və Moskvaya heç bir məlumat vermədən maliyyə nazirinə Azərbaycan dilini tədris edən müəllimlərin də maaşının rus dili müəllimlərinin maaşi ilə eyni səviyyəyə qaldırılması barədə göstəriş verdi”.

H.Həsənov vurğulayıb ki, Ulu öndərin Azərbaycan dilinə münasibəti sözdə qalmayıb, fəaliyyətində də görünüb. Xaricdə təhsil üçün göndərilən minlərlə gəncin qarşısına ölkəyə qayıdıb fayda vermək tələbi qoyulub, lakin qayıtmayanlara da göz yumub: “Səfərlərimin birində Rusiyaya təhsil almağa gedən gənclə rastlaşdım və Azərbaycana qayıtmadığını öyrəndim. Bunu Heydər Əliyevə deyəndə bildirdi ki, başqa ölkələrdə Azərbaycan diasporası zəifdir, bilərəkdən göz yumdum ki, həmin gənclərin gücü ilə diasporamızı gücləndirək”.

Heydər Əliyevin orduya münasibətindən, gənclərin hərbi hazırlığı, Bakıda hərbi məktəbin açılması ilə bağlı səylərinin müsbət nəticəsindən qürurla danışan

H.Həsənov H.Əliyevin Azərbaycan fəlsəfəsinə dair kitabın hazırlanması ilə bağlı təşəbbüsünün nəticəsiz qalmasını da təəssüflə qeyd edib.

“Heydər Əliyev ikinci dəfə hakimiyyətə gələndə Nyu-Yorkda idim və bu imkan verdi ki, mən ABŞ-də Heydər Əliyevdən əvvəlki və sonrakı Azərbaycanı müqayisə edim. Deməliyəm ki, yerlə göy qədər fərq var idi”, - deyə vurğulayan qonağın sözlərinə görə, Heydər Əliyevi Azərbaycan xalqından əvvəl ABŞ prezidenti “lider” adlandırıb.

H.Həsənovun iş və idarəetmə təcrübəsi dövlət qulluqçuları üçün çox faydalı oldu

Həsən Həsənov Elm və Təhsil Nazirliyi və tabe qurumların əməkdaşlarının suallarına cavab verib. 

İştirakçılar 1994-95-ci illərdə Heydər Əliyevlə birlikdə Cinə ilk rəsmi səfərini edən Həsən Həsənovdan ən yaddaqalan səfərləri barədə xatirələrini bölüşməsini xahiş ediblər. Azərbaycanın xarici siyasəti, geosiyasi vəziyyəti ilə bağlı şərhini dinləyib, 1992-93-cü illərdə BMT-də ölkəmizin daimi nümayəndəsi olduğu vaxtlardan, fəaliyyətinin ən uğurlu dövründə ölkəyə xarici işlər naziri kimi geri çağrılması barədə soruşublar.

Görüş iştirakçıları Ümummilli Liderin hakimiyyəti illərində təhsil sahəsində verilən mühüm qərarlarla maraqlanıb, vacib təhsil hadisləri ətrafında müzakirə aparıblar.

Nazirlik və əlaqəli qurumların əməkdaşları uzun illər Heydər Əliyevlə birlikdə yüksək vəzifələrdə çalışan Həsən Həsənovun iş və idarəetmə təcrübəsi ilə tanış olmaq imkanı əldə edib, dövlət qulluqçuları olaraq onlar üçün H.Həsənovun təcrübəsinin çox faydalı olduğunu vurğulayıblar.

Regional Təhsil idarələrinin əməkdaşları Təhsil TV-nin vasitəsilə görüşü canlı izləyiblər.

Qeyd edək ki, Həsən Həsənov Ulu öndərin təşəbbüsü ilə sovet dövründə 10 cildlik “Azərbaycan tarixi” kitabını yazıb. O, 1990-1992-ci illərdə Azərbaycanın Baş naziri, 1993-1998-ci illərdə xarici işlər naziri işləyib. 2004-cü il martın 1-dən ölkəmizin Macarıstan Respublikasında, 2010-cu ildə isə Polşa Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Xəbər lenti