Logo

ADPU-nun prorektoru Gəncə Formunda çıxış edib

13.05.2025 15:45 62 baxış
IMG

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) və “Çinar Yayımları” nəşriyyatının birgə təşkilatçılığı, Azərbaycan Kitab, Maarif İctimai Birliyinin, Təhsil Nəşriyyatı və Everest nəşriyyat evinin tərəfdaşlığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində və Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə “İbtidai Sinif Müəllimlərinin 2-ci Gəncə Forumu” keçirilib. Ölkənin müxtəlif bölgələrindən ibtidai sinif müəllimlərinin iştirak etdiyi forumda müasir təhsil metodikaları, milli-mənəvi dəyərlərin təbliği, ibtidai təhsilin çağırışları və müəllimin cəmiyyətdəki rolu mövzuları geniş müzakirə edilib.
Forumda ADPU-nun strateji inkişaf məsələləri üzrə prorektoru Könül Pirverdiyeva “Bilik oxumaqdan, hikmət anlamaqdan başlayır” mövzusunda təqdimatla çıxış edib. Prorektor çıxışı zamanı Ümummilli Lider Heydər Əliyevin Azərbaycan təhsilinin inkişafına verdiyi misilsiz töhfələrə də xüsusi diqqət çəkib. Qeyd edilib ki, Ulu Öndər Heydər Əliyev Azərbaycan müəlliminin ictimai nüfuzunun artırılması, təhsil sisteminin təkmilləşdirilməsi və milli-mənəvi dəyərlərə əsaslanan gənc nəslin formalaşdırılması istiqamətində mühüm islahatlara imza atıb. Daha sonra Ümumilli Liderin ADPU-nun 60 illik yubileyində etdiyi çıxışın videosu nümayiş etdirilib.
 Könül Pirverdiyeva, PIRLS – Beynəlxalq Oxu və Anlama Bacarıqlarının Qiymətləndirilməsi Tədqiqatının nəticələrinə dair ətraflı məlumat verib. O, Azərbaycan şagirdlərinin nəticələrinin əvvəlki illərlə müqayisəli təhlilini apararaq, beynəlxalq ortalamalarla fərqləri diqqətə çatdırıb. Qeyd olunub ki, təhsil sistemində oxu savadlılığının inkişafı üçün daha hədəfli və kompleks yanaşmalara ehtiyac var və  oxu bacarığının inkişafı müəllim hazırlığı, ailə-məktəb əməkdaşlığı və tədris metodlarının müasirləşdirilməsi ilə birbaşa bağlıdır. Təqdimat ətrafında fikir mübadiləsi aparılıb və bu istiqamətdə gələcəkdə atılacaq addımlar müzakirə olunub.
Qeyd edək ki, PIRLS tədqiqatı Beynəlxalq Təhsil Nailiyyətlərinin Qiymətləndirilməsi Assosiasiyası (IEA) tərəfindən həyata keçirilir və ibtidai sinif şagirdlərinin oxu və anlama səviyyəsini beynəlxalq miqyasda müqayisəli şəkildə ölçməyi hədəfləyir.
Forumun sonunda iştirakçılar arasında əməkdaşlıq imkanları və təcrübə mübadiləsi istiqamətində geniş fikir mübadiləsi aparılıb. ‎ ‎

Xəbər lenti