Logo

Azərbaycan Universitetində Türkiyə və Şimali Kipr Türk Cümhuriyyətinin nümayəndə heyəti ilə görüş olub

13.05.2025 14:14 35 baxış
IMG

Azərbaycan Universitetində Türkiyə və Şimali Kipr Türk Cümhuriyyətinin nümayəndə heyəti ilə görüş olub. Nümayəndə heyətində Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Şamil Ayrım, Türkiyə - Şimali Kipr Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Orhan Erdem, Şimali Kiprdə fəaliyyət göstərən Doğu Akdeniz Universiteti Fondunun İdarə Heyətinin sədri Erdal Özcenk, universitetin rektoru, professor Hasan Kılıç, Şimali Kipr Türk Cümhuriyyəti Prezidentinin siyasi məsələlər üzrə müşaviri Anıl Kaya yer alıb. Azərbaycan Universitetini isə rektor filologiya üzrə fəlsəfə doktoru Səadət Əliyeva, elmi işlər üzrə prorektor riyaziyyat elmləri doktoru Yusif Qasımov, rektorun müşaviri, Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin direktoru tarix üzrə fəlsəfə doktoru, dosent Nüşabə Quliyeva, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Elmira İsmayılova təmsil edib.

Bu barədə TƏHSİL.BİZ -ə Azərbaycan Universitetindən məlumat verilib.

Milli Məclisin Elm və təhsil komitəsinin sədri, tarix elmləri doktoru, professor Anar İsgəndərovun da iştirak etdiyi görüşün əsas mövzusu Doğu Akdeniz Universiteti ilə Azərbaycan Universiteti arasında akademik əməkdaşlıq əlaqələrinin qurulması olub. Azərbaycan Universitetinin rektoru Səadət Əliyeva və Doğu Akdeniz Universitetinin rektoru Hasan Kılıç rəhbərlik etdikləri ali təhsil müəssisələri haqqında məlumat verib, mümkün əməkdaşlıq istiqamətlərini və mexanizmlərini müzakirə ediblər.

Görüşdə Şimali Kipr Türk Cümhuriyyəti ilə Azərbaycan arasındakı əlaqələrə də toxunulub. Qeyd edilib ki, Şimali Kipr Türk Cümhuriyyəti Türk dünyasının bir parçasıdır. Azərbaycan Şimali Kipr Türk Cümhuriyyətinin mübarizəsini dəstəkləyir, tanınması mövzusunda prinsipial mövqe və Türkiyənin tezisləri ilə həmrəylik nümayiş etdirir. Milli Məclisdə Azərbaycan - Şimali Kipr Türk Cümhuriyyəti parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Azərbaycan bu ölkənin Türk Dövlətləri Təşkilatında müşahidəçi statusu almasında fəal rol oynayıb. Qonaqlar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprel ayında Antalyada keçirilmiş Diplomatiya Forumunda Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar ilə görüşünü, 2024-cü ildə Şuşada Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə toplantısında Ersin Tatarın iştirakını məmnunluqla xatırladıqlarını bildirib, dəstəyə görə təşəkkür ediblər.

Sonda əməkdaşlıq haqqında memorandum imzalanıb və tərəflər bir-birinə xatirə hədiyyələri təqdim ediblər.

Xəbər lenti