Logo

ASAP Ulu Öndər Heydər Əliyevin doğum günü ilə əlaqədar silsilə tədbirlər keçirib

12.05.2025 12:29 76 baxış
IMG

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə Azərbaycanlı Tələbələr və Məzunlar Platforması (ASAP) tərəfindən İtaliya, Macarıstan, Fransa, Böyük Britaniya, Belçika və Gürcüstanda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirilib.

Macarıstanın Budapeşt şəhərində Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Azərbaycanlı Tələbələr və Məzunlar Platforması, Macarıstandakı Azərbaycan Evi və “Azərbaycan-Macarıstan Məzunları” İctimai Birliyinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin doğum günü münasibətilə “Bir səfərin izi ilə” filminin nümayişi baş tutub. Macarıstanda yaşayan azərbaycanlı gənclərin iştirakı ilə keçirilən tədbirdə  Azərbaycan tarixində əbədi və uca yer tutan Ulu Öndər Heydər Əliyevin müasir dövlətçiliyimizin qorunması və inkişafındakı xüsusi rolundan, xalqımız uğrunda gördüyü mütərəqqi işlərdən bəhs olunub.  Qeyd olunub ki, 44 günlük Vətən Müharibəsində qazandığımız tarixi zəfər Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi və müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin layiqincə davam etdirdiyi siyasətin nəticəsi və təntənəsidir. Tədbirdə gənclər Ümummilli Liderin beynəlxalq səviyyədə göstərdiyi fəaliyyət, Azərbaycanın dünya dövlətləri ilə əlaqələrini gücləndirmək üçün gördüyü işlər və ölkəmizin beynəlxalq nüfuzunu artırmaq üçün atdığı addımlarla yaxından tanış olublar.
İtaliyanın Roma şəhərində Ümummilli Lider Heydər Əliyevin doğum günü ilə əlaqədar konfrans keçirilib. İtaliyada təhsil alan azərbaycanlı gənclər və ASAP İtaliya nümayəndəliyinin üzvlərinin iştirak etdiyi tədbirdə Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi yad olunaraq, həyatı və dövlətçilik irsi ilə bağlı müzakirələr aparılıb. Ölkəmizin İtaliyadakı səfiri Rəşad Aslanov çıxışında Ulu Öndərin bütün həyatını xalqın firavanlığına və inkişafına həsr etdiyini vurğulayıb. Səfir bildirib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra xalqın israrlı tələbi ilə Ulu Öndər Heydər Əliyev hakimiyyətə gəldi və bundan sonra suveren Azərbaycan dövləti yarandı. Ümummilli Liderin xalqımız qarşısındakı xidmətləri, onun yürütdüyü siyasət nəticəsində Azərbaycan dünyaya açıldı.

Belçikanın Brüssel şəhərində Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Azərbaycanlı Tələbələr və Məzunlar Platforması və IRS - Azərbaycan-Belçika Tələbə Assosiasiyasının birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin doğum günü münasibətilə şahmat turniri keçirilib. Belçikada yaşayan azərbaycanlı gənclərin iştirakı ilə baş tutan turnirin açılış mərasimində qeyd olunub ki, Azərbaycana rəhbərlik etdiyi uzun illər ərzində Ulu Öndər idmanın inkişafına daim böyük qayğı göstərib və məhz onun təşəbbüsü ilə respublikamızın şəhər və rayonlarında çoxsaylı uşaq-gənclər şahmat məktəbləri istifadəyə verilib. Yarışın sonunda qalib gənclər medal və hədiyyələrlə təltif olunub.

Böyük Britaniyanın London şəhərində Ulu Öndər Heydər Əliyevin doğum gününə həsr edilmiş tar konserti keçirilib. Tədbir zamanı Əməkdar mədəniyyət işçisi, tarzən Rafiq Rüstəmov xalq və bəstəkar mahnıları səsləndirib. Daha sonra ölkəmizin Böyük Britaniyadakı səfiri Elin Süleymanov çıxış edərək Ulu Öndərin Azərbaycan musiqisinə, o cümlədən sənətkar və musiqişünaslara hər zaman sevgi və qayğı ilə yanaşmasından danışıb. Səfir Ümummilli Lider Heydər Əliyevin ölkəmizin tərəqqisi üçün gördüyü işləri gələcək nəsillərin heç vaxt yaddan çıxartmayacağını bildirib. Eyni zamanda, Böyük Britaniyada yaşayan azərbaycanlı gənclərlə geniş bilik və dərin təfəkkür sahibi olan dahi liderin düşünülmüş və cəsarətli qərarları ilə təkcə müstəqillik dövründə deyil, bütün dövrlərdə Azərbaycan ictimaiyyətini ən ciddi şəkildə düşündürən məsələləri uğurla həll etməsi barədə danışılıb.

Fransanın Paris şəhərində də Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə azərbaycanlı gənclərlə görüş baş tutub. Azərbaycan Respublikasının Fransadakı səfirliyinin təşkilatçılığı ilə keçirilən görüş zamanı ASAP Fransa nümayəndəliyinin üzvləri və Fransada yaşayan azərbaycanlı gənclərlə Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti, onun tariximizdəki rolu barədə danışılıb, müstəqil dövlətimizin banisi Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasətindən bəhs edilib. Görüşdə çıxış edən ölkəmizin Fransadakı səfiri Leyla Abdullayeva bildirib ki, müstəqil dövlətçilik salnaməmizdə silinməz izlər qoymuş, azərbaycanlı olması ilə ömür boyu fəxr etmiş, milli qürur və iftixar mənbəyimiz olan Ümummili Lider Heydər Əliyev bu gün bütün dünyada dövlətimizin xilaskarı kimi anılır. Azərbaycanın yüksəlişini, beynəlxalq arenada qazandığı yüksək nüfuzunu qiymətləndirərkən Ulu Öndərin xalqımız və dövlətimiz qarşısındakı əvəzsiz xidmətləri göz önündə canlanır.

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar həmçinin, Ümummilli Liderin Gürcüstanın Tbilisi şəhərindəki abidəsi ziyarət olunub. Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyevin iştirakı ilə baş tutan ziyarət zamanı “Alyans” Gənclər Mərkəzinin, eləcə də digər məktəblərin müəllim və şagirdləri, eləcə də Gürcüstanda təhsil alan azərbaycanlı tələbələr Ulu Öndərin abidəsi önünə əklil və gül dəstələri düzüblər. Daha sonra iştirakçılar açıq havada açılmış sərgidə Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən fotosərgiyə baxaraq, Ümummilli Liderin Azərbaycan dövlətçiliyinin formalaşmasında və möhkəmlənməsindəki tarixi rolu barədə danışıblar.

Xəbər lenti