Logo

ATU-da Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü qeyd edilib

09.05.2025 15:12 80 baxış
IMG

Azərbaycan Tibb Universitetində (ATU) Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilmiş tədbir keçirilib.

ATU-dan TƏHSİL.BİZ-ə verilən məlumata görə, tədbirdə çıxış edən universitetin rektoru, professor Gəray Gəraybəyli bildirib ki, hər il ölkəmizdə və ondan kənarda Ümummilli Liderin anadan olduğu gün təntənə ilə qeyd olunur. Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında xidmətləri danılmazdır. “Tələbələrimiz, gənclərimiz tarixi hadisələri bizdən öyrənir. Nə qədər kitablar yazılsa, filmlər çəkilsə, məktəblərdə tarix dərsləri keçilsə belə kifayət deyil. Onlar bizdən də öyrənməlidirlər. Bu gün sakit, firavan həyat yaşayan gənclər xalqımızın keçmişdə hansı ağır şəraitlə üzləşdiyindən məlumatlı olmalıdırlar. Bilməlidirlər ki, Azərbaycan heç də həmişə indiki kimi hər sahədə inkişaf etmiş, nüfuzlu bir ölkə olaraq tanınmayıb. Dövlətimizin qurulmasında, ölkəmizin hazırki səviyyəyə çatmasında tarixi şəxsiyyətin – Ulu Öndər Heydər Əliyevin böyük rolu olub”, - deyə o vurğulayıb.

Professor G.Gəraybəyli qeyd edib ki, Azərbaycan müstəqilliyini bərpa etdiyi ilk illərdə ağır çətinliklərlə üzləşib. Hətta müstəqilliyini belə itirə bilərdi: “Ancaq Heydər Əliyev uzaqgörən siyasəti nəticəsində bütün maneələri aradan qaldırdı və Azərbaycanın gündən-günə inkişaf etməsinin təməlini qoydu. Ölkəmizi parçalamaq istəyən qüvvələrin arzuları puç oldu. Ona görə də istər Tibb Universitetində, istərsə də digər universitetlərdə oxuyan gənclərimiz tariximizin bu şanlı səhifələrini öyrənməli və bilməlidirlər ki, bugünkü Azərbaycanın yaradıcısı var. O, fenomen şəxsiyyət, böyük siyasi lider, sözün əsl mənasında, Azərbaycan xalqının xilaskarı dahi Heydər Əliyevdir. Böyük xoşbəxtlikdir ki, Ulu Öndərin ideyalarını bu gün onun layiqli davamçısı Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva uğurla həyata keçirirlər”.

Sonra tədbir iştirakçıları Ümummilli Liderin həyat yolundan bəhs edən videoçarxı izləyiblər.

Sonda uzun illər Prezident Heydər Əliyevin köməkçisi olmuş, Prezident Katibliyinin rəisi işləmiş professor Dilarə Seyidzadə çıxış edib. O, Ulu Öndərlə bağlı çoxsaylı xatirələrindən söhbət açıb, onun xalqına, millətinə, dilinə, dininə, mədəniyyətinə necə bağlı olduğunu nümunələrlə dilə gətirib: “Mən onun bütün səfərlərində iştirak etmişəm. Regionlarda əhalinin sosial rifahı ilə yaxından maraqlanırdı. Şikayətlərlə maraqlanmağı və ona məlumat verməyi mənə tapşırmışdı. Ən yaralı yeri torpaqlarımızın itirilməsi və məcburi köçkünlər problemi idi. Azərbaycanın müxtəlif ölçüdə xəritələrini hazırlatdırmışdı. Xarici səfərləri zamanı görüşlərində bizim haqlı, ermənilərin haqsız olduğunu xəritə üzərində izah edirdi. Ümumiyyətlə, dünya liderləri onun zəngin biliyinə və geniş məlumatlılığına heyran qalırdılar. Hətta bəzən elə olurdu ki, onlar öz ölkələri ilə bağlı bilmədikləri hansısa məlumatı belə Ulu Öndərdən eşidirdilər”.

Professor D.Seyidzadə belə hallarla bağlı bir neçə misal çəkib. Bildirib ki, Avstriyaya səfər zamanı görüşdə iştirak edənlər və o cümlədən Avstriyanın Prezidenti dahi rəhbərin çıxışını heyranlıqla dinləyiblər: “Ulu Öndər söhbəti zamanı Avstriya bəstəkarı İohan Ştrausla bağlı geniş məlumat verdi. Onun haqqında çəkilmiş filmdən, filmdə cərəyan edən hadisələrdən danışdı. Hamı təəccübləndi və Avstriya Prezidenti belə bir filmi izləmədiyini dedi. Yaxud Özbəkistan səfərində bu ölkə ilə bağlı söylədiklərinə məətəl qalmışdılar. Özbəkistanın Prezidenti İslam Kərimov çıxışı zamanı dedi ki, Azərbaycan xalqı xoşbəxtdir, çünki onun Heydər Əliyev kimi dahi lideri var. Bu cür misalları çox çəkmək olar”.

Tədbir digər çıxışlarla davam edib.



 

Xəbər lenti